Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan və Qırğızıstan səhiyyə əməkdaşlığında bioetika üzrə akademik mübadilə genişlənir



Qırğızıstanlı müəllim və tələbələrin bioetikaya dair akademik mübadilə proqramı uğurla yekunlaşıb

Azərbaycan və Qırğızıstan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq yeni mərhələdə innovativ təşəbbüslərlə davam etdirilir.

İki qardaş ölkənin elmi potensialının birləşdirilməsi istiqamətində növbəti addım olaraq, İsa Axunbayev adına Qırğızıstan Dövlət Tibb Akademiyasının müəllim və III-IV kurs tələbələrindən ibarət 10 nəfərlik nümayəndə heyəti akademik mübadilə proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində olublar.

Səfərin məqsədi qırğızıstanlı mütəxəssislərin tibbi bioetika fənni üzrə müasir metodoloji yanaşmaları mənimsəməsi, Azərbaycan təcrübəsinin öyrənilməsi və nəzəri biliklərin praktik müstəvidə təkmilləşdirilməsi olub. Bu məqsədlə nümayəndə heyəti universitetin kafedralarında intensiv akademik mübadilə prosesinə cəlb ediliblər.

Proqramın ilk günü ATU-nun II Uşaq Xəstəlikləri Kafedrasının müdiri, professor Nailə Sultanova, I Daxili Xəstəliklər Kafedrasının dosenti, Beynəlxalq əlaqələr şöbəsinin müdiri,  tibb üzrə fəlsəfə doktoru Törə Sadıqova və Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, tibb üzrə fəlsəfə doktoru, dosent Təranə Tağı-zadə qırğızıstanlı müəllim və tələbə heyəti ilə görüş keçiriblər.

Sonra Təranə Tağı-zadənin rəhbərliyi ilə bioetikanın prinsipləri və müasir pediatriyada etik yanaşmaları əhatə edən geniş kurs təşkil olunub. Kurs çərçivəsində mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Daha sonra tədris proqramı 2 saylı Klinik Uşaq Xəstəxanasında klinik şəraitdə etik normaların tətbiqinə dair ustad dərsləri və mühazirələrin dinlənilməsi ilə davam edib. Həmçinin reanimasiya və intensiv terapiya bölmələrində xəstələrin idarə olunması prosesi ilə yaxından tanış olan heyət, həkim-pasiyent münasibətlərini praktik izləyiblər.

Növbəti gün qırğızıstanlı nümyəndə heyəti bioetikaya dair interaktiv mühazirələrdə iştirak ediblər, azərbaycanlı həmkarlarının təcrübələrini öyrəniblər.

Səfər çərçivəsində nümayəndə heyəti ATU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. Konfrans çərçivəsində təşkil olunan innovativ startap müsabiqəsində qırğızıstanlı gənclərin təqdim etdiyi onkoloji xəstələrin reabilitasiya dövründə qidalanma proqramı haqqında layihə böyük maraq doğuraraq ikinci yerə layiq görülüb.

Qırğızıstanlı mütəxəssislər, həmçinin Azərbaycan - Türkiyə Allerqoloq və İmmunoloqlarının III Beynəlxalq Konfransında və Baku Medical Plazanın Qastroenterologiya Mərkəzinin 5-ci Bakı Endoskopik Forumunda iştirak edərək, azərbaycanlı həkimlərin ən son nailiyyətlərini və təcrübələrini mənimsəyiblər. Həmçinin 3 əməliyyat prosesini onlayn izləyiblər.

Akademik mübadilə zamanı tibb üzrə fəlsəfə doktorları, dosentlər - Afaq Axundova, Fəxriyyə Məmmədova, Ülviyyə Hacıyeva və professor Fatimə Seyidbəyovanın iştirakı ilə geniş müzakirələr və interaktiv treninqlər təşkil olunub.

Səfər çərçivəsində qonaqlar ATU-nun V kurs tələbələrinin bələdçiliyi ilə Azərbaycan Təbabəti Muzeyi, ATU-nun Anatomiya muzeyi və laboratoriyaları ilə tanış olublar, müxtəlif kafedralarda dinləmə dərslərinə qatılaraq universitetin tədris mühitini yüksək qiymətləndiriblər.

Səfərlərinin sonuncu günü ATU-da yeni doğulmuşların reanimasiyası üzrə xüsusi treninqi uğurla başa vuran nümayəndə heyəti sertifikat və xatirə hədiyyələri ilə təltif olunublar.


----------------------------------------------------------------------------
Department of Public Relations, Press and Information
Presidium of Azerbaijan National Academy of Sciences


Tarix: Bu gün, 10:53

Xəbəri paylaş