Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da yaşıl şəhər və “ağıllı şəhər” texnologiyaları üzrə ixtisaslaşmış tədqiqat mərkəzi yaradılacaq



Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yaşıl şəhər və “ağıllı şəhər” istiqamətlərini strateji prioritet kimi müəyyənləşdirib.
Bu barədə AZƏRTAC-a açıqlamasında universitetin elm və innovasiyalar üzrə prorektoru Elviz İsmayılov məlumat verib. O bildirib ki, universitet bu istiqamətdə real şəhər problemlərinin innovativ həllinə yönəlmiş hakaton təşkil edib. Energetika, ətraf mühit mühəndisliyi, rəqəmsal texnologiyalar və şəhərsalma ixtisasları üzrə təhsil alan tələbələrin birgə iştirak etdiyi layihə fənlərarası düşüncə tərzinin praktik nümunəsi kimi qiymətləndirilib. Elviz İsmayılovun sözlərinə görə, universitetin tədris proqramlarına davamlı enerji sistemləri, “ağıllı” infrastruktur və ekoloji mühəndislik mövzuları artıq inteqrasiya olunub.
“Növbəti illərdə bu istiqamət daha da gücləndiriləcək. Yaşıl şəhər və “ağıllı şəhər” texnologiyaları üzrə ixtisaslaşmış tədqiqat mərkəzinin yaradılması, fənlərarası tədris modullarının genişləndirilməsi və beynəlxalq universitetlərlə birgə elmi layihələrin həyata keçirilməsi planlaşdırılır”, – deyə prorektor vurğulayıb. O qeyd edib ki, ADNSU bu sahədə yalnız kadr hazırlayan ali təhsil müəssisəsi kimi deyil, həm də Azərbaycanın davamlı inkişaf gündəliyinə elmi töhfə verən tədqiqat universiteti kimi mövqeyini möhkəmləndirməyi hədəfləyir.


Tarix: Bu gün, 09:00

Xəbəri paylaş