Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mingəçevirdə 23 ölkənin iştirakı ilə beynəlxalq elmi konfrans işə başlayıb









Mingəçevir Dövlət Universiteti və Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə “Dil, təhsil, tədqiqat və dayanıqlılıq sahəsində müasir problemlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Konfransın açılış mərasimi Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirdə Milli Məclisin deputatları, Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, YAP-ın Mingəçevir şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın, eləcə də 23 ölkəni təmsil edən ali təhsil və tədqiqat institutlarının nümayəndələri, ziyalılar, dilçi alimlər, müəllimlər və tələbələr iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra “Dil sərhəd tanımır” adlı kitab sərgisinə baxış keçirilib. Sərgidə MDU-nun alimlərinin, ölkənin müxtəlif elmi mərkəzlərinin və nəşriyyatların dilçilik sahəsində çap olunmuş elmi əsərləri, monoqrafiyalar və tədris vəsaitləri nümayiş olunub.
Konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. MDU-nun rektoru Anar Eminov çıxışında dil, təhsil və tədqiqat sahələrinin qarşılıqlı əlaqəsinin müasir dövrdə bilikli cəmiyyətin formalaşmasında əsas dayaqlardan biri olduğuna diqqət çəkib. O, konfransın beynəlxalq miqyasını xüsusi qeyd edərək bildirib ki, 23 ölkədən 77 ali təhsil və tədqiqat institutunu təmsil edən alimlər tərəfindən 545-dən çox məqalə və tezis təqdim olunub. Bu göstərici elmi əməkdaşlığın genişlənməsi, bilik mübadiləsinin gücləndirilməsi və yeni akademik platformaların formalaşması baxımından mühüm nəticədir.
Rektor konfransın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmasının simvolik və elmi baxımdan böyük əhəmiyyət daşıdığını da qeyd edib. Eyni zamanda, tədbirin ilk panelinin Azərbaycan dilçilik elminə böyük töhfələr verən professor Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr olunduğu diqqətə çatdırılıb.


Tarix: Dünən, 23:30

Xəbəri paylaş