Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da Respublika elmi-praktiki konfransı keçirilib

















Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Elmi İnnovasiyalar və Dayanıqlı Texnologiyalar” mövzusunda magistrantların və gənc tədqiqatçıların Respublika elmi-praktiki konfransının açılış mərasimi keçirilib. 
Konfransın açılış tədbirində universitet rəhbərliyi, professor-müəllim heyəti, gənc tədqiqatçılar və qonaqlar iştirak ediblər. Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin  və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov çıxışında konfransa təqdim olunan məruzələrin statistik göstəriciləri barədə ətraflı məlumat verib. O, konfransa 349 müraciətin daxil olduğunu, onlardan 281-nin qəbul edildiyini bildirib. O qeyd edib ki, müraciətlər 34 yerli və xarici ali təhsil və elmi müəssisədən daxil olub. Elviz İsmayılov həmçinin ən çox müraciətin informasiya texnologiyaları və avtomatlaşdırma, iqtisadiyyat və menecment bölmələri üzrə qeydə alındığını diqqətə çatdırıb.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışında gənclərin elmi fəaliyyətə cəlb olunmasının və tədqiqat potensialının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ADNSU-nun elmi-tədqiqat universitetinə çevrilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir, gənc tədqiqatçılar üçün müasir elmi mühitin formalaşdırılması və elmi infrastrukturun gücləndirilməsi məqsədilə mühüm addımlar atılır. Bu istiqamətdə yaxın zamanda universitetdə 18 yeni laboratoriyanın yaradılması nəzərdə tutulur.
Rektor həmçinin dayanıqlı texnologiyalar və elmi innovasiyaların tətbiqinin genişləndirilməsi, sənaye müəssisələri ilə əməkdaşlığın artırılması, doktorant və magistrantların elmi fəaliyyətə cəlb olunması, eləcə də ikili doktorantura və birgə tədqiqat layihələrinin inkişaf etdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib. O qeyd edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi gənclərin elmə marağının artırılması və onlar üçün daha geniş elmi imkanların yaradılmasıdır.
Tədbirdə çıxış edən ADNSU-nun nəzdində Heydər Əliyev Məktəbinin direktoru, tələbə Sənan Hüseynov Ümummilli Lider Heydər Əliyevin elmə, təhsilə və gənclərin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də Azərbaycan gənclərinin elmi potensialının formalaşmasında mühüm rol oynayır.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş olunub. 
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. 


Tarix: Bu gün, 17:33

Xəbəri paylaş