Gürcüstanın təhsil qanununda yenidən dəyişiklik edilir

Bununla bağlı Gürcüstan Təhsil və Elm Nazirliyi parlamentə “Ali təhsil haqqında” qanuna 2025-ci ilin dekabrında edilmiş dəyişikliklərə yenidən düzəliş edilməsi təşəbbüsü ilə müraciət edib.
Məsələ parlamentdə sürətləndirilmiş qaydada müzakirə olunacaq.
Qeyd edək ki, “Ali təhsil haqqında” qanuna edilmiş və 2025-ci il dekabrın 17-dən qüvvəyə minmiş dəyişikliklər nəticəsində qrant maliyyələşdirmə sistemi ləğv olunub. Qrant sistemi hökumət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrində təhsilin tam şəkildə dövlət tərəfindən maliyyələşdirilməsi modeli ilə əvəz edilib.
Eyni zamanda, 2025-ci ilin dekabr qanununa əsasən, 2026-cı ilə qədər ali təhsil müəssisələrinə qəbul olunmuş və maliyyələşmə əldə etmiş tələbələrin təhsil haqları dövlət tərəfindən 2030-2031-ci tədris ili daxil olmaqla, əvvəlki həcmdə və şərtlərlə maliyyələşdirilməyə davam edəcək.
Təhsil və Elm Nazirliyinin açıqlamasına görə, qanundakı mövcud qeyd yalnız tələbələrin artıq əldə etdikləri maliyyələşmənin qorunmasını nəzərdə tutur. Nazirlik bildirir ki, bu isə yeni qanun qüvvəyə minməzdən əvvəl universitetə qəbul olunmuş, məsələn, qismən qrantla və ya qrant olmadan təhsil alan və tələbə qrant müsabiqələri vasitəsilə maliyyələşmə əldə etmək və ya onu artırmaq üçün legitim gözləntiləri olan şəxslərin maraqlarını nəzərə almır.
Nazirlikdən bildirilib ki, parlamentə təqdim olunan yeni qanun layihəsi tələbələrin dövlət qrant müsabiqələrində iştirakını, sosial proqramlardan yararlanmasını, eləcə də xarici ölkə vətəndaşlarının müəyyən olunmuş qaydada maliyyələşmə alma imkanlarını tam şəkildə təmin edəcək.
Tarix: Bu gün, 09:17
Xəbəri paylaş
