ADNSU-da ilk dəfə şagirdlər üçün Beynəlxalq İnformatika Olimpiadasına seçmə mərhələ keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə olaraq Beynəlxalq İnformatika Olimpiadasına (IOI) şagirdlər üçün seçmə mərhələ təşkil olunub.
İki gün davam edən olimpiada mərhələsində 50 nəfərdən çox şagird iştirak edib. Tədbir Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Seçmə mərhələsinin əsas məqsədi informatika sahəsində xüsusi istedad və potensiala malik məktəblilərin müəyyənləşdirilməsi, onların beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi və elmi biliklərinin inkişaf etdirilməsi olub.
ADNSU tərəfindən iştirakçıların rahat və şəffaf şəkildə imtahanda iştirak etməsi üçün müasir texniki və təşkilati şərait yaradılıb. Olimpiada müddətində şagirdlər proqramlaşdırma, məntiq və alqoritmik düşüncə üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
Universitetdə ilk dəfə belə nüfuzlu beynəlxalq olimpiadaya seçmə mərhələnin keçirilməsi ADNSU-nun məktəblilər arasında elm, innovasiya və informasiya texnologiyalarının inkişafına verdiyi dəstəyin göstəricisi kimi qiymətləndirilir.
Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası dünya üzrə ən nüfuzlu məktəbli yarışlarından biri hesab olunur və seçmə mərhələlərində uğur qazanan iştirakçılar gələcəkdə ölkəni beynəlxalq səviyyədə təmsil etmək imkanı əldə edirlər.
Tarix: Bu gün, 14:35
