Qarabağ Universiteti mühəndis kadr hazırlığının əsas mərkəzlərindən birinə çevrilir




Qarabağ Universitetinin Mühəndislik fakültəsi regionun inkişafına töhfə verəcək gənc mütəxəssislərin yetişdiyi əsas mərkəzlərdən birinə çevrilməkdədir. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri fonunda mühəndislik ixtisaslarına olan tələbatın artması bu fakültənin əhəmiyyətini daha da artırır. Müasir tədris infrastrukturu, innovativ yanaşmalar və praktikyönümlü hazırlıq sistemi burada təhsil alan tələbələrin peşəkar bacarıqlar qazanmalarına imkan yaradır. Bu isə fakültənin regionun gələcək inkişafında mühüm rol oynayacaq ixtisaslı kadr bazasının formalaşmasına xidmət etməsinə şərait yaradır.AZƏRTAC-ın bölgə müxbiri Qarabağ Universitetinin Mühəndislik fakültəsində yaradılan müasir tədris mühiti ilə tanış olub, müəllim və tələbələrin təhsil prosesi ilə bağlı fikirlərini öyrənib. Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə müəllimi Orxan Həsənli bildirib ki, uğurlu karyera düzgün ixtisas seçimindən başlayır. Onun sözlərinə görə, universitetdə tətbiq olunan müasir tədris yanaşmaları tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasına imkan yaradır: “Müasir və innovativ təhsil proqramları, peşəkar professor-müəllim heyəti, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar bizə imkan verir ki, tələbələri yalnız nəzəri deyil, həm də praktik istiqamətdə, hazır mütəxəssis olaraq yetişdirək. Mühəndislik fakültəsinin növbəti tədris ilində istifadəyə veriləcək tədris binası bizə bunun üçün daha geniş imkanlar yaradır. İnşaat mühəndisliyi ixtisası üzrə tələbələrin fakültənin yeni binasının tikintisində təcrübəyə cəlb olunması təhsil ilə istehsalat arasında əlaqənin gücləndirilməsinin göstəricisidir”.
Müəllim əlavə edib ki, universitetdə tələbələrin praktik bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir və bu məqsədlə müxtəlif layihələr və real istehsalat mühiti ilə əlaqəli tədris imkanları yaradılır. Fakültədə tələbələrlə müəllimlər arasında əməkdaşlıq yalnız auditoriya çərçivəsi ilə məhdudlaşmır. Onlar birgə layihələrdə iştirak edir, müxtəlif yarışlara hazırlaşır, dərsdənkənar fəaliyyətlə məşğul olurlar.
O vurğulayıb ki, Qarabağın bərpa və yenidənqurma mərhələsində olması tələbələr üçün əlavə imkanlar yaradır. Onlar məzun olduqdan sonra bu proseslərdə bilavasitə iştirak edərək həm regionun inkişafına töhfə verə, həm də ixtisasları üzrə peşəkar fəaliyyət göstərə biləcəklər.
Fakültədə tələbələrin praktiki hazırlığına xüsusi önəm verildiyi üçün laboratoriya mühiti bu prosesdə mühüm rol oynayır. Fizika və elektrik-elektronika müəllimi Nərgiz Xəlilova bildirib ki, fizika mühəndislik elmlərinin təməlini təşkil edir və bu fənnin dərindən mənimsənilməsi gələcək mütəxəssislər üçün vacib şərtdir: “Biz tələbələrə fizikanı sadəcə kitablardan, nəzəriyyələrdən öyrətmirik. Müasir cihazlarla təchiz olunmuş fizika laboratoriyasında tələbələr qanunları, düsturları özləri sınaqdan keçirirlər. Laboratoriya masası tələbənin ilk tədqiqat meydanına çevrilir. Çünki biz inanırıq ki, mühəndislik görmək və toxunmaqla başlayır”.
N.Xəlilova deyib ki, laboratoriyada əldə olunan təcrübələr tələbələrin elmi fəaliyyətinə də ciddi təsir göstərir. Tələbələr əldə etdikləri biliklər və laboratoriya avadanlıqlarından istifadə edərək hazırladıqları layihələrlə müxtəlif yerli və beynəlxalq yarışmalarda iştirak edir və uğurlar qazanırlar.
Müasir tədris mühiti və geniş imkanlar Qarabağ Universitetini gənclər üçün cəlbedici məkana çevirir. Öz gələcəyini burada qurmağa qərar verən gənclərdən biri də data analitikası ixtisası üzrə təhsil alan Qubaxanım Əliyevadır. O bildirib ki, Qarabağ Universitetində təhsil almaq onun məqsədyönlü seçimi olub: “Əslən Sabirabad rayonundanam. Atam həmişə mənə deyirdi ki, əgər bir işin dalınca gedəcəksənsə, o işin mütəxəssisi olmalısan. Mən də yaxşı təhsil almaq üçün Qarabağ Universitetini seçdim. Qərarımı ailəmə bildirdikdə mənə dəstək oldular”.
Onun sözlərinə görə, universitetə qəbul olunduqdan sonra seçimində yanılmadığına əmin olub. Dərslərin və praktik məşğələlərin tələbələrin inkişafına geniş imkanlar yaratdığını bildirən Qubaxanım Əliyeva əlavə edib ki, müəllimlərlə tələbələr arasında səmimi və effektiv kommunikasiya mövcuddur. Yataqxanada tələbələrin birgə dərs hazırlaması üçün lazımi şərait yaradılıb. Universitetdə xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirilir. O, gələcəkdə təhsilini magistratura səviyyəsində davam etdirməyi və ixtisası üzrə daha da inkişaf etməyi qarşısına məqsəd qoyduğunu qeyd edib.
Beləliklə, Qarabağ Universitetinin Mühəndislik fakültəsi yalnız müasir bilik və bacarıqlara malik mütəxəssislər yetişdirmir, eyni zamanda, Qarabağın gələcək inkişafında iştirak edəcək gənclərin formalaşmasına töhfə verir. Burada yaradılan müasir tədris mühiti, praktik hazırlıq imkanları və innovativ yanaşmalar tələbələrin həm peşəkar, həm də şəxsi inkişafına geniş şərait yaradır. Regionun yenidənqurma və inkişaf mərhələsində mühəndislik sahəsinə artan ehtiyac fonunda fakültə gələcəyin ixtisaslı kadr bazasının formalaşdırılmasında mühüm rol oynayır.
Tarix: Bu gün, 14:23
Xəbəri paylaş

