Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ümummilli Liderin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ordumuza peşəkar zabitlər yetişdirir



Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mediatur zamanı Hərbi Lisey haqqında jurnalistlərə geniş məlumat verilib.
Bildirilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə Bakı şəhərindəki 2 nömrəli 8 illik internat məktəbinin bazasında yaradılıb. Liseyin yaradılması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Ordusu üçün peşəkar və savadlı zabit kadrlarının hazırlanmasında bu təhsil müəssisəsinin mühüm rolu var. Hazırda da ordunun peşəkar heyətlə təmin olunmasının əsasında Ulu Öndərin uzaqgörən siyasəti dayanır. Hərbiləşdirilən tam orta təhsil müəssisəsi olan liseyə 15 yaşı tamam olan və 17 yaşınadək 9-cu sinfi bitirən şagirdlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar vasitəsilə qəbul olunurlar. Təhsil müddəti 2 il davam edir və kursantlara 13 əsas fənn tədris olunur. Bununla yanaşı, kursantlar hərbi və fiziki hazırlıq üzrə də bilik və bacarıqlarını inkişaf etdirirlər. İndiyədək Hərbi Liseyi 14 mindən çox gənc bitirib, məzunlardan 20-dən çoxu general ali hərbi rütbəsinə yüksəlib.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdə mühüm rol oynayan hərbi rəhbər və komandirlərin böyük əksəriyyəti hərbi fəaliyyətə məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseydə başlayıblar. Liseyin yetirmələri müstəqil Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına və gücləndirilməsinə mühüm töhfələr verib, ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə daim ön sıralarda yer alıblar. Onlardan biri şəhid olub, üç nəfər yaralanıb, 40-dan çox hərbi qulluqçu isə orden və medallarla təltif edilib. Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən şəxslərdən 11-i bu təhsil müəssisəsinin məzunudur, bir nəfər isə liseydə xidmət edən zabitdir. Həmçinin Hərbi Liseyin 19 məzunu Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, 100-dən çox məzun isə göstərdikləri igidlik və şücaətə görə müxtəlif orden və medallarla təltif olunub.
Jurnalistlər bu təhsil ocağında fəaliyyət göstərən Heydər Əliyev muzeyi ilə tanış olublar. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, həmçinin muzeyin yaranma tarixi barədə ətraflı bəhs olunub. Liseyin tədris korpusu ilə də tanışlı zamanı jurnalistlərə tədris korpusunun elektron tədris kursu haqqında məlumat verilib. Diqqətə satdırılıb ki, burada birinci kurs tələbələri olan kursantlara hərbi sahə üçün zəruri olan kompüter bilikləri və bacarıqları öyrədilir.
Mediatur zamanı həmçinin hərbi qulluqçular üçün yaradılan xidməti-məişət şəraiti, təlim-tədris prosesi, təminat və təchizat sistemi ilə tanışlıq imkanı da yaradılıb.
Hərbi Liseyin kursantı Vüsal Hüseynov AZƏRTAC-a müsahibəsində deyib ki, bu liseyin məzunları ilə hər zaman qürur duyur: “Liseyin yetirmələri arasında general ali hərbi rütbəsinə yüksələn, “Vətən Müharibəsi Qəhrəmanı” və “Milli Qəhrəman” fəxri adlarına layiq görülən şəxslər var. Hərbi Liseyi bitirdikdən sonra Vətən uğrunda şəhid olan məzunlarımızın xatirəsini ehtiramla anır, yaralanan məzunlarımıza şəfa arzulayıram”.
Liseyin rus dili müəlliməsi, qazi anası Maisə İmanova isə bildirib ki, oğlu da bu liseyin məzunudur və hazırda Azərbaycan Ordusunda zabit kimi xidmət edir: “Oğlumun qalib Azərbaycanın zabiti kimi xidmət etməsi mənə böyük qürur hissi yaşadır. Bu liseyin kursantları torpaqlarımızın azad olunmasında mühüm rol oynayıblar. Şəhid məzunlarımızın xatirəsini daim ehtiramla anır, yaralananlara şəfa diləyirəm. Mən 30 ildən artıqdır ki, bu liseydə çalışır, kursantlara hərbi bilikləri və vətən sevgisini böyük həvəslə aşılayıram”.


Tarix: Bu gün, 13:42

Xəbəri paylaş