ADNSU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub

Mayın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tariximizin yaddaşında yaşayan xilaskar ömür” adlı tədbir keçirilib. ADNSU nəzdində Heydər Əliyev Məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müasir dövlətçilik tarixindəki müstəsna rolundan danışıb. Rektor qeyd edib ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan qısa müddətdə regionun aparıcı dövlətinə çevrilib, elm və təhsil sahəsində mühüm nailiyyətlər əldə olunub. O, Heydər Əliyevin xüsusilə gənclərə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, müasir Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə bağlı, yüksək intellektual potensiala malik və vətənpərvər ruhda formalaşmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib.
Daha sonra çıxış edən Millət vəkili, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətindən, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm islahatlardan danışıb. Fariz İsmayılzadə xüsusilə gənclərin vətənpərvər, dövlətçilik ənənələrinə sadiq və milli-mənəvi dəyərlərə bağlı bir nəslin nümayəndələri kimi inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının milli birlik və həmrəyliyinin möhkəmlənməsində mühüm rolundan danışaraq Ulu Öndərin rəhbərliyi dövründə ölkədə sabitliyin təmin olunduğunu, dövlət institutlarının formalaşdırıldığını və Azərbaycanın gələcək inkişafının möhkəm təməlin qoyulduğunu vurğulayıb.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov isə çıxışında Heydər Əliyev ideyalarının bu gün də aktuallığını qoruyub saxladığını qeyd edib. O, Ümummilli Liderin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla davam etdirdiyini bildirib.
Daha sonra ADNSU nəzdində Heydər Əliyev Məktəbinin direktoru, tələbə Sənan Hüseynov çıxış edərək Ulu Öndərin zəngin siyasi irsinin gənc nəslin formalaşmasında mühüm rol oynadığını bildirib.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin irsinin təbliğində fəal iştirak edən bir qrup tələbə təltif olunub.
Tədbirin bədii hissəsində Mədinə Abdullayevanın təqdimatında Bəxtiyar Vahabzadənin “Vətən marşı” şeiri səsləndirilib. ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının təqdim etdiyi “Bayram” rəqsi ifa olunub.
Tarix: Bu gün, 08:30
