Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Səfir: Türk dünyasının inteqrasiyasının bünövrəsini Türkiyə-Azərbaycan qardaşlığı təşkil edir




Türk dünyası sadəcə ortaq keçmişin deyil, həm də ortaq gələcəyin adı kimi reallaşmağa, təcəssüm etməyə başladı. Mərhum İsmayıl Qaspıralının əsrləri aşan “Dildə, fikirdə, işdə birlik” hikmətli çağırışı bu gün həmişə olduğundan daha çox məna kəsb edir. Bizi uğura aparacaq yol və üsul, əslində, budur. Bu söz artıq sadəcə bir ideal deyil, Türk Dövlətləri Təşkilatı ilə institusionallaşan, Orta Dəhliz ilə konkretləşən, enerji xətləri ilə dərinləşən, rəqəmsal transformasiya və texnologiya tərəfdaşlığı ilə gələcəyə daşınan strateji bir baxışın nişanəsi olub. Türk dünyasının inteqrasiyasından söhbət gedəndə, bu böyük arxitekturanın təməl daşı, şübhəsiz ki, Türkiyə-Azərbaycan qardaşlığıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakı Dövlət Universitetində keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib. O bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı yalnız iki dövlət arasındakı diplomatik münasibətlərdən ibarət deyil: “Bu qardaşlıq tarixin, mədəniyyətin, dilin, taleyin və fədakarlığın yoğurduğu, tarixin süzgəcindən və sınaqlarından uğurla keçmiş sarsılmaz bir birlikdir.
“Bir millət, iki dövlət” kəlamı təsadüfi deyil. Ona görə də Azərbaycanın və Türkiyənin kədəri kədərimiz, sevinci sevincimizdir. Hər iki xalq bunu ürəkdən hiss edir. Türk dünyasının birliyini, bərabərliyini və gələcəyini istəyən yalnız liderlər deyil, əsasən bunu istəyən xalqlarımızdır. Bu, dünən də belə idi, bu gün də belədir. Bu gün mövcud konyunkturada beynəlxalq münasibətlərin strukturu buna nisbətən daha çox imkan yaradır. Hətta qlobal sistemdəki köklü yenidənqurmalar bizi bu əlaqələri gücləndirməyə məcbur edir”.


Tarix: Bu gün, 15:37

Xəbəri paylaş