Elm və təhsil naziri rəqəmsal ideya müsabiqəsinin bağlanış mərasimində iştirak edib


Mayın 5-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Müasir Şəhərsalma Vizyonu: ənənə və innovasiyanın harmoniyası” rəqəmsal ideya müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva müsabiqəyə dair hesabat təqdim edib. Bildirib ki, bu il sayca 4-cü dəfə keçirilən müsabiqəyə respublikanın 65 inzibati ərazi vahidindən ümumilikdə 1418 müraciət daxil olub. Qeyd edib ki, müsabiqənin başlıca məqsədləri Prezident İlham Əliyevin gənclərin qarşısına qoyduğu strateji hədəflərə uyğun olaraq intellektual, innovativ düşüncəyə malik gənc liderlərin formalaşdırılmasına töhfə vermək, gəncləri şəhərsalma və memarlıq sahəsində tətbiq olunan müasir yanaşma və alətlərlə tanış etmək, o cümlədən cəmiyyətə faydalı texnoloji həllərin tətbiq olunmasını təşviq etməkdir.
Sonra müsabiqənin hesabat videoçarxı təqdim edilib.
Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib ki, keçirilən müsabiqənin əsas məqsədi ənənəvi Azərbaycan memarlıq dəyərlərinin müasir şəhərsalma texnologiyaları ilə harmonik şəkildə birləşdirilməsidir. Burada rəqəmsal həllərin, 3D modelləşdirmənin və innovativ planlaşdırma metodlarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma şəhər mühitinin daha funksional, ekoloji və estetik baxımdan inkişafına şərait yaradır.
Çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, artıq ənənə halını almış və innovativ ideyaların təşviqi üçün mühüm platforma olan rəqəmsal ideya müsabiqəsi gənclərimizin istər intellektual potensialının üzə çıxarılması, istər ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, istərsə də kommunikasiya bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Qeyd edib ki, burada təqdim olunan layihələr təsdiqləyir ki, Azərbaycan gəncliyi yüksək intellektə, geniş dünyagörüşünə və dövrün çağırışlara adekvat müasir düşüncə tərzinə malikdir. Rəqəmsallaşma bu gün dünyanın inkişaf istiqamətlərini müəyyən edən əsas amillərdən biridir. Şəhərsalma və memarlıq sahəsində rəqəmsal texnologiyaların tətbiqi isə resurslardan daha səmərəli istifadə olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Bu baxımdan, müsabiqə çərçivəsində irəli sürülən ideyalar gələcəkdə real layihələrə çevrilərək ölkəmizin inkişafına güclü təkan verə bilər. 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında bildirib ki, bu müsabiqə gənclərin innovativ potensialına göstərilən yüksək diqqətin və dövlətin gələcəyə baxışının real ifadəsidir. Qlobal səviyyədə gənclər artıq şəhərsalma gündəliyinin formalaşmasında əsas maraqlı tərəflərdən biri kimi çıxış edir. Onların ideyaları, yanaşmaları və texnoloji bacarıqları şəhərlərin gələcək inkişaf trayektoriyasını müəyyən edir.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev rəqəmsal ideya müsabiqəsinin gənclərin intellektual inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib. Əlavə edib ki, bugünkü Azərbaycan gəncliyi daha bacarıqlı və rəqabətədavamlıdır. 
Emin Əmrullayev söyləyib ki, bir neçə gündən sonra ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası Azərbaycan gəncliyi üçün öyrənmək, özünü qlobal arenada rəqabətədavamlı olduğunu nümayiş etdirmək üçün növbəti bir imkandır.
Elm və təhsil naziri qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ali təhsil müəssisələrinin uğurlu nəticələrini uzun müddət ölkəmizin inkişafına təsir edən mühüm amil kimi xatırlayacağıq.
Gənclər və idman naziri Fərid Qayıbov öz növbəsində qeyd edib ki, sözügedən müsabiqə gənclərin innovativ düşüncəsini, texnoloji bacarıqlarını və komanda ruhunu inkişaf etdirmək baxımından olduqca əhəmiyyətlidir.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyev gənclərin intellektual və innovativ potensialının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib və bu sahədə ardıcıl dəstək siyasəti həyata keçirir.
Çıxışlardan sonra “Müasir Şəhərsalma Vizyonu: ənənə və innovasiyanın Harmoniyası” rəqəmsal ideya müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Yekunda Bakı Slavyan Universitetinin tələbələrinin ifasında konsert proqramı təqdim olunub.
Tarix: Bu gün, 15:31
