ATU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilib




Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.
Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
ATU-nun rektoru Yaşar Ömərov konfransda giriş sözü ilə çıxış edib. O, Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə qəbul edilən strateji sənədlərin və təşəbbüslərin əhəmiyyətini qeyd edib. Rektor bildirib ki, universitetdə son illər rəqəmsallaşma sahəsində mühüm addımlar atılıb. O ATU-da elektron tədris idarəetmə sisteminin tətbiqini, sənəd dövriyyəsinin rəqəmsallaşdırılmasını, imtahana hazırlıq portalını və süni intellekt əsaslı rəqəmsal təhsil bələdçisinin istifadəyə verilməsini misal gətirərək, bu istiqamətdə hədəflərin daha da genişləndirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.
Açılış tədbirində Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin Kərimzadə, Qazaxıstanın Kızılorda Bolaşak Universitetinin rektoru Gülcahan Snasapova, Özbəkistanın Buxara Dövlət Universitetinin rektoru Obicon Hamidov, Rumıniyanın İaşi Texniki Universitetinin prorektoru İrina Lungu, Macarıstanın Sopron Universitetinin prorektoru Ferens Lakatos çıxış edərək konfransın işinə uğurlar arzu ediblər.
Plenar iclas çərçivəsində “Azercosmos”un Süni İntellekt Bölməsinin rəhbəri Həmid Əskərovun, Türkiyənin Ege Universitetinin Biokimya kafedrasının müdiri Cenk Selcukinin, ATU-nun Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri Rövşən Qasımovun, İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədovun, İdarəetmə kafedrasının əməkdaşı, gənc tədqiqatçı İmran Əmiraslanovun elmi məruzələri dinlənilib. Daha sonra iki günlük konfrans 10 istiqamət üzrə bölmələrdə öz işini davam etdirib.
Qeyd edək ki, tədbir 25 ölkə, 88 universitet, 22 tədqiqat institutu və bir sıra dövlət və özəl müəssisələrin iştirakı ilə baş tutub. Konfrans materialları toplusuna 767 (154-ü xaricdən) tezis qəbul edilib.
Tarix: Bu gün, 22:06
