ADNSU tədqiqatçıları mühüm elmi nəticələr əldə edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tədqiqatçı müəllimləri və doktorantının həmmüəllifi olduğu yeni elmi məqalə nüfuzlu beynəlxalq jurnalda dərc edilib.
ADNSU-nun tədqiqatçı müəllimi, kimya elmləri doktoru Dünya Babanlı, ADNSU-nun “Neft-mexanika” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nanomateriallar və nanotexnologiyalar” elmi-tədqiqat laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Elnur Oruclu və Azərbaycan-Fransız Universiteti (UFAZ) və ADNSU-nun Strasburq Universiteti (UNISTRA) və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) ilə birgə əməkdaşlığı çərçivəsində çalışan doktorantı Fuad Səfərovun da yer aldığı beynəlxalq tədqiqat qrupu tərəfindən hazırlanan məqalə “Journal of Magnetism and Magnetic Materials” jurnalında işıq üzü görüb. Jurnal maqnetizm və maqnit materialları sahəsində tanınmış, yüksək nüfuza malik “Elsevier” nəşrlərindən biridir.
“MnSb₂Te₄ – GeSb₂Te₄ sistemində faza tarazlığı və Mn₁₋ₓGeₓSb₂Te₄ bərk məhlullarının maqnit xassələri” adlı məqalə Strasburq Universiteti və IPCMS (CNRS) ilə beynəlxalq əməkdaşlıq çərçivəsində hazırlanıb.
Tədqiqatda müasir materialşünaslıq üçün aktual olan maqnit və topoloji xüsusiyyətlərin qarşılıqlı əlaqəsi araşdırılıb. Elmi iş çərçivəsində germaniumun materialın strukturuna və maqnit davranışına təsiri öyrənilib, MnSb₂Te₄ – GeSb₂Te₄ sistemi üzrə faza tarazlığı müəyyənləşdirilib və faza diaqramı qurulub. Araşdırma nəticəsində germaniumun müxtəlif tərkiblərdə uğurla əvəzləndiyi, materiallarda fərqli maqnit keçidlərin baş verdiyi və bəzi nümunələrdə xüsusi maqnit hadisələrinin müşahidə olunduğu müəyyən edilib.
Əldə olunan nəticələr gələcəkdə yeni maqnit-topoloji materialların seçilməsi, tək kristalların yetişdirilməsi və bu sahədə daha dərin tədqiqatların aparılması üçün mühüm elmi əsas yaradır.
Məqaləni oxumaq : https://www.sciencedirect.com/science/article/abs/pii/S0304885326001605
Tarix: Bu gün, 20:20
