Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Universitetində gələcəyin ali təhsil modelinə həsr olunan beynəlxalq konfrans işə başlayıb





Azərbaycan Universitetində “The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı ikigünlük beynəlxalq konfrans işə başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunur.
Azərbaycan Universiteti və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi ali təhsil sistemlərinin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə, həmçinin əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun bacarıqların inkişafı istiqamətində fikir mübadiləsinin aparılmasıdır. Konfransın işində elm və təhsil ictimaiyyətinin nümayəndələri, 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspert iştirak edir.
Beynəlxalq tədbiri Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq qeyd edib ki, Azərbaycanın ali təhsil sisteminin inkişafı Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttə əsaslanır. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində təhsil dövlət quruculuğunun prioritetlərindən birinə çevrilib. Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil, sosial və digər sahələrə göstərilən ardıcıl diqqət və dəstək bütövlükdə insan kapitalının inkişafına böyük töhfədir.
Rektor çıxışında qeyd edib ki, ali təhsil sistemi tarixi transformasiya mərhələsindən keçir. Qloballaşma, rəqəmsallaşma, süni intellekt texnologiyalarının inkişafı və dəyişən əmək bazarı bu sahədə ciddi dəyişikliklərə səbəb olur. Ali təhsil artıq yalnız bilik ötürən sistem deyil, innovasiya yaradan, tənqidi düşüncəni formalaşdıran və cəmiyyətin inkişafına istiqamət verən dinamik bir ekosistemdir. Bu baxımdan konfransın mövzusu olan “qlobal baxış və lokal təsir” yanaşması xüsusi əhəmiyyət kəsb edir və çox əhəmiyyətli bir ideyanı özündə birləşdirir. Biz beynəlxalq təcrübələri öyrənməli, qabaqcıl modelləri mənimsəməli, lakin eyni zamanda onları yerli kontekstə uyğunlaşdıraraq real təsir yaratmalıyıq. Çünki hər bir universitet yalnız qlobal sistemin bir hissəsi deyil, həm də öz cəmiyyətinin inkişafında mühüm rol oynayan bir mərkəzdir.
Səadət Əliyeva bildirib ki, müasir dövrdə elmi tədqiqatların rolu daha da artır. Universitetlər bilik istehsal edən və innovasiyaları təşviq edən əsas platformalara çevrilməlidir. Bu istiqamətdə beynəlxalq əməkdaşlıq, multidissiplinar yanaşma və elmi şəffaflıq prinsipləri xüsusi əhəmiyyət daşıyır.
Rektor Səadət Əliyeva həmçinin bildirib ki, rəhbərlik etdiyi Azərbaycan Universiteti bu il 35 illik yubileyini qeyd edir. “Biz 35 illik fəaliyyət yoluna nəzər salırıq. Bu illər ərzində qazandığımız təcrübə bizə göstərir ki, davamlı inkişaf yalnız dəyişikliklərə açıq olmaqla mümkündür. Məhz bu səbəbdən biz bu gün burada gələcəyin ali təhsil modelini birlikdə müzakirə edirik”, - deyə rektor qeyd edib.
Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov; Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Universitetinin prorektoru Bakıt Altınbaşov çıxış ediblər. Çıxışlarda ali təhsilin qarşısında duran müasir çağırışlar - rəqəmsallaşma, süni intellektin təhsilə inteqrasiyası, tədrisin keyfiyyətinin artırılması, universitet - sənaye əməkdaşlığının gücləndirilməsi, innovasiya və tədqiqat fəaliyyətinin inkişafı, qlobal rəqabət mühitində milli ali təhsil sistemlərinin mövqeyinin möhkəmləndirilməsi kimi məsələlərə toxunulub.
Açılış mərasimindən sonra konfrans iki plenar sessiya ilə davam edib. Birinci plenar sessiyada Türkiyənin TED Universitetinin professoru Kürşat Çağıltay “Is Artificial Intelligence the New Savior of Higher Education?” (Süni intellekt ali təhsilin yeni xilaskarıdırmı?) mövzusunda çıxış edərək süni intellektin ali təhsildə rolu, imkanları və potensial riskləri barədə geniş təhlil təqdim edib. İkinci plenar sessiyada isə Böyük Britaniyanın Middlesex Universitetinin professoru Paul Gibbs “Thinking, AI and the future of the scholar” (Düşüncə, süni intellekt və tədqiqatın gələcəyi) adlı məruzəsi ilə akademik fəaliyyət və sahibkarlıq yanaşmaları arasında balans məsələlərinə diqqət çəkib.
Tədbirin bölmə iclaslarında isə süni intellektin ali təhsildə rolu, imkanları və potensial riskləri; ali təhsildə rəqəmsal transformasiya, bilik transferi, qloballaşma və beynəlxalq əməkdaşlıq, davamlı inkişaf, sosial məsuliyyət və bərabərlik, həmçinin idarəetmə, keyfiyyət təminatı və gələcəyin bacarıqları kimi aktual istiqamətlər üzrə elmi tədqiqatların nəticələri təqdim olunur, müzakirələr aparılır.
“The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) beynəlxalq konfransı işini bu gün yekunlaşdıracaq.


Tarix: Bu gün, 10:30

Xəbəri paylaş