Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatı




"Bildiririk ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (bundan sonra - Agentlik) Nizamnaməsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətləri çərçivəsindədir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsi olaraq müəyyən edilmişdir. Bu çərçivədə, Agentlik fəaliyyət istiqamətlərinə uyğun olaraq xaricdə əldə edilmiş kvalifikasiyaların tanınması ilə bağlı daxil olan müraciətlərin nəticələrini təhlil edib ümumiləşdirərək aylıq əsasda ictimaiyyətə təqdim edir.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra Qaydalar) 4.1.2-ci bəndində müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması tələbi qeyd olunur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına və Qaydalara əsaslanaraq, inzibati icraatın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədi ilə ərizəçilərin təqdim etdikləri rəsmi sənədlərin autentikliyini (həqiqiliyini) müəyyən etmək üçün kvalifikasiyaların aid olduğu xarici ölkələrin ali təhsil müəssisələrinə müvafiq sorğular göndərilir. Sorğulara daxil olmuş cavab məktublarında, xarici ölkələrin təhsil müəssisələrindən əldə olunmuş sənədlərin autentik olmadığı müəyyən edildiyi təqdirdə kvalifikasiyaların tanınmasından imtina olunur.
Agentlik tərəfindən 1 avqust 2025-ci il tarixində yayınlanmış relizdə qeyd edildiyi kimi, 2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayınadək 53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi, həmçinin Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif üsullarla saxta tanınma şəhadətnamələri əldə etməsi aşkar olunmuşdur.
Bildiririk ki, 2025-ci ilin aprel ayından 2026-cı ilin yanvar ayına qədər olan dövr ərzində əlavə olaraq 30 nəfər tərəfindən tanınma məqsədilə saxta diplomların təqdim edilməsi, həmçinin Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınmasından imtina edilmiş 50 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnamələri əldə etməsi halları tərəfimizdən aşkar edilmişdir.
Həmçinin, son 3 il ərzində tibb və səhiyyə ixtisasları üzrə tanınma üçün saxta diplom təqdim etmiş 38 nəfər barədə məlumatlar müvafiq quruma göndərilmişdir.
Agentliyin Nizamnaməsinə əsasən, fəaliyyət sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək qurumun vəzifələri arasında təsbit olunur. Bu xüsusda, aşkarlanmış saxta diplomlar, eləcə də şəhadətnamələrlə bağlı məlumatlar mütəmadi olaraq ümumiləşdirilərək, qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara təqdim olunur".


Tarix: Dünən, 22:33

Xəbəri paylaş