Rəqəmsal mühitdə gözlənilməz risklər

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum müzakirələrlə davam edir.
AZƏRTAC xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə keçirilən panel sessiyada “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova erkən yaşlardan etibarən rəqəmsal təhlükəsizliyə diqqətin günümüzdə ən aktual məsələlərdən biri olduğuna diqqət çəkib. Onun sözlərinə görə, dərsliklərin məzmununa rəqəmsal təhlükəsizlik və savadlılıqla bağlı komponentlər daxil edilib və bu istiqamət təhsilin ayrılmaz hissəsinə çevrilib. Uzun müddətdir ki, rəqəmsal savadlılığın artırılması məqsədilə genişmiqyaslı layihələrin həyata keçirildiyini deyən sektor müdiri hazırda məktəblərin 90 faizdən çoxunun internetlə təmin olunduğunu və uşaqların zərərli informasiyadan qorunması üçün müvafiq filtr mexanizmlər tətbiq edildiyini bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov qeyd edib ki, Azərbaycanda 11 dövlət qurumu uşaq hüquqlarının müdafiəsi və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması istiqamətində fəaliyyət göstərir. Bu məqsədlə təhlükəsizlik mexanizmləri müxtəlif səviyyələr üzrə qurulur və bəzi risklərin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq zəruri hesab olunur. Şöbə müdiri diqqətə çatdırıb ki, artıq bir neçə ildir uşaqlar üçün hakatonlar keçirilir, “Cyber Smart” kimi maarifləndirici layihələr icra olunur və ən önəmlisi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qəbul edilib. Elgün Səfərov sosial şəbəkələrdə mövcud risklərə qarşı tədbirlərin də görüldüyünü vurğulayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Esmira Qasımova bildirib ki, rəqəmsallaşma dövründə kibertəhlükəsizlik yalnız texnologiyanın deyil, insan davranışlarının düzgün formalaşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, fişinq və sosial mühəndislik kimi üsullarla vətəndaşlar aldadılaraq fərdi məlumatlarını könüllü şəkildə paylaşa bilir və bu risklərə qarşı əsas mübarizə yolu maarifləndirmədir.
“Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihələr çərçivəsində yüzlərlə təlim təşkil olunub, on minlərlə uşaq, həmçinin valideyn və müəllim maarifləndirilib. Eyni zamanda, müvafiq qurumlarla birgə monitorinqlər aparılır, qanunsuz məzmunlar məhkəmə yolu ilə məhdudlaşdırılır və dövlət qurumları üçün real ssenarilər əsasında simulyasiyalar keçirilir”, - deyə E.Qasımova bildirib.
Panel sessiya müzakirələrlə davam edib.
Tarix: Bu gün, 15:28
