ADNSU-da 30 Aprel – terror qurbanlarının anım günü qeyd olunub

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 Aprel – terror qurbanlarının anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər. Anım mərasimi universitetdə terror hadisəsində həlak olanların xatirəsinə ucaldılmış barelyefin önünə ADNSU kollektivi adından əklil qoyulması və onların xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlanıb.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, terror hadisəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov 30 aprel faciəsinin təkcə universitet üçün deyil, bütövlükdə cəmiyyət üçün ağır itki olduğunu vurğulayıb. Rektor qeyd edib ki, bu hadisə Azərbaycan elminə, gəncliyinə və gələcəyinə qarşı yönəlmiş faciə idi və həmin gün itirilən həyatların xatirəsi hər zaman ehtiramla anılacaq.
Daha sonra 30 aprel terror hadisəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Terror hadisəsində həlak olmuş tələbə Ceyhun Aslanovun valideyni Sakit Aslanov və laborant Məmmədova Şəfanın valideyni Məmmədova Xuraman çıxış edərək övladlarının xatirəsinin yaşadılmasının onlar üçün böyük təsəlli olduğunu bildiriblər. İllər keçsə də faciənin ağrısının unudulmaz olduğunu deyən valideyinlər universitet rəhbərliyinin və kollektivinin göstərdiyi diqqət və ehtirama görə təşəkkürlərini ifadə edərək, bu cür anım tədbirlərinin itirilənlərin xatirəsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Tədbirdə həmçinin hadisə şahidləri – universitet əməkdaşları, GKF dekanı, dosent Naməd Paşayev və dosent İlman Həsənov çıxış edərək 17 il əvvəl baş verən dəhşətli hadisəni xatırlayıblar. Onlar həmin günün yaddaşlardan silinmədiyini və bu faciənin universitet tarixində dərin iz buraxdığını bildiriblər.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU) baş vermiş silahlı hücum nəticəsində 12 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb. 2017-ci ildə universitetin II tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə barelyef ucaldılıb. Hər il 30 aprel tarixində universitetdə anım mərasimi keçirilir və terror qurbanlarının xatirəsi dərin hörmətlə yad edilir.
Tarix: Bu gün, 19:28
