Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri - beynəlxalq elmi-praktik konfrans





Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Bakı Biznes Universitetindəki büstü ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a Bakı Biznes Universitetindən məlumat verilib.
Tədbiri açan Bakı Biznes Universitetinin rektoru iqtisad elmləri doktoru, professor İbad Abbasov bildirib ki, bu konfrans müasir dövrdə elmin, təhsilin və sənaye sektorunun inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Qloballaşma şəraitində dayanıqlı inkişafın təmin olunması üçün dövlət, universitet və sənaye arasında səmərəli əməkdaşlıq vacib şərtlərdən biridir. Rektor diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı, innovasiyaların tətbiqi və ali təhsil müəssisələrinin elmi potensialının gücləndirilməsidir.
“Bakı Biznes Universiteti olaraq biz daim çalışırıq ki, elmi tədqiqatların nəticələri praktik sahədə tətbiq olunsun, biznes və sənaye strukturları ilə əməkdaşlıq genişləndirilsin və müasir çağırışlara cavab verən mütəxəssislər formalaşdırılsın”, - deyə rektor əlavə edib.
Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə qeyd edib ki, qlobal iqtisadi transformasiyalar, texnoloji yeniliklərin sürətli yayılması və rəqabət mühitinin kəskinləşməsi inkişafda olan ölkələr qarşısında yeni çağırışlar qoyur və bu çağırışlara adekvat cavab olaraq bilik və innovasiya əsaslı inkişaf modelinin tətbiqini zəruri edir.
Akademik vurğulayıb ki, bu kontekstdə dövlət–universitet–sənaye əməkdaşlığı iqtisadiyyatın modernləşdirilməsinin, elmi nəticələrin praktik tətbiqinin və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının əsas mexanizmlərindən biri kimi çıxış edir. Dövlət bu sistemdə strateji istiqamətləri müəyyən edən, normativ-hüquqi bazanı formalaşdıran və təşviqedici alətlər tətbiq edən aparıcı subyektdir. Universitetlər elmi biliklərin istehsalı və innovativ ideyaların formalaşdırılması baxımından mühüm rol oynayır, sənaye sektoru isə bu biliklərin iqtisadi dəyərə çevrilməsini təmin edir. Ziyad Səmədzadənin sözlərinə görə, əməkdaşlığın səmərəliliyinin artırılması üçün ilk növbədə institusional mexanizmlərin təkmilləşdirilməsi, tətbiqi tədqiqatların genişləndirilməsi və təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması zəruridir.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, müasir dövrdə süni intellektin inkişafı təhsil sistemində yeni yanaşmaların formalaşmasını zəruri edir və bu proses təhsilin məzmunu, idarəetmə mexanizmləri və öyrənmə modellərinə təsirsiz ötüşmür. Dövlət, özəl sektor və texnoloji mühit arasında qarşılıqlı əməkdaşlıq təhsilin inkişafında mühüm rol oynayır və bu əməkdaşlıq daha çevik, innovativ və dayanıqlı təhsil sisteminin qurulmasına şərait yaradır. Gələcək təhsil modeli rəqəmsallaşma, fərdiləşdirilmiş öyrənmə və müasir texnologiyaların imkanlarına əsaslanacaq, lakin əsas məqsəd hər zaman keyfiyyətli insan kapitalının formalaşdırılması olaraq qalacaq. Təhsilin inkişafı yalnız texnoloji yeniliklərlə deyil, eyni zamanda sistemli yanaşma, düzgün idarəetmə və davamlı inkişaf prinsipləri ilə təmin olunmalıdır.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədrinin rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə müavini Qoşqar Əhmədov bildirib ki, müasir dövrdə rəqəmsallaşma və süni intellekt texnologiyalarının sürətli inkişafı mühasibat uçotu və audit sahəsində mövcud yanaşmaların yenilənməsini zəruri edir. Bu proses həmin sahənin mahiyyətini genişləndirərək onu yalnız uçot fəaliyyəti ilə məhdudlaşdırmır, eyni zamanda, risklərin idarə olunması, analitik təhlil və qərarvermə proseslərinin dəstəklənməsində mühüm strateji istiqamətə çevirir. Bu baxımdan, kadr hazırlığı sistemində müasir tələblərə uyğun yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Litvanın Utenos Ali Təhsil İnstitutunun əməkdaşı Vilma Abdrasiene, Rumıniyanın Babeș-Bolyai Universitetinin dosenti Eugenia Ramona Mara, Moldova İqtisadi Tədqiqatlar İnstitutunun dosenti Tatyana Qutium, Özbəkistanın Kokand Universitetinin nümayəndəsi Muhammadjonov Casurbek, eləcə də Türkiyənin Artvin Çoruh Universitetinin nümayəndələri Fikrət Sözbilir və Berçem Yaman çıxışlarında dövlət–universitet–sənaye əməkdaşlığının təhsil, iqtisadiyyat, enerji dayanıqlılığı və innovasiya ekosisteminin inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Konfrans işini bölmə iclasları çərçivəsində davam etdirib. Bölmələr üzrə keçirilən iclaslarda dövlət–universitet–sənaye əməkdaşlığının səmərəliliyinin artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.


Tarix: Bu gün, 19:14

Xəbəri paylaş