BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

Bakı Dövlət Universitetində (BDU) “Elsevier” şirkətinin təşkilatçılığı ilə keçirilən silsilə təlimlər çərçivəsində ikinci sessiya baş tutub. “Elsevier”in meneceri Saide Sak tərəfindən aparılan təlimdə əsas diqqət elmi jurnalların düzgün seçimi və tədqiqat fəaliyyətinin performans analizinə yönəlib. Tədbirdə Universitetin professor-müəllim heyəti, tədqiqatçılar və doktorantlar iştirak edərək, nəşr strategiyalarının təkmilləşdirilməsi və qlobal elmi təsirin daha dərindən anlaşılması istiqamətində biliklər əldə ediblər. Sessiya zamanı elmi məqalələrin daha geniş təsir qazanması üçün uyğun jurnal seçiminin əhəmiyyəti vurğulanıb. İştirakçılara jurnalın əhatə dairəsi, indeksləşməsi, təsir göstəriciləri, hədəf auditoriyası və nəşr etikası kimi əsas meyarlar ətraflı izah olunub. Eyni zamanda, “yırtıcı” (predatory) jurnallardan yayınma yolları və məqalələrin uyğun nəşr platformalarına yönləndirilməsi ilə bağlı praktik tövsiyələr təqdim edilib. Təlimin mühüm hissəsi “Elsevier”in aparıcı elmi analitika alətləri olan “Scopus” və “SciVal” platformalarının imkanlarına həsr olunub.
Qeyd edilib ki, “Scopus” çoxşaxəli elmi sahələri əhatə edən geniş xülasə və sitat bazası kimi tədqiqatçılara uyğun jurnalların tapılması, sitatların izlənməsi, h-indeks və digər göstəricilərin monitorinqi, eləcə də qlobal elmi yeniliklərdən xəbərdar olmaq imkanı yaradır. Platforma həmçinin jurnal seçimi prosesində mənbə səviyyəli göstəricilər və indeksləşmə məlumatları təqdim edərək əsaslı qərarların qəbulunu dəstəkləyir. “SciVal” platforması isə “Scopus” məlumatları əsasında tədqiqat fəaliyyətinin dərin analizi üçün nəzərdə tutulmuş qabaqcıl analitik alət kimi təqdim edilib. Bildirilib ki, bu platforma vasitəsilə tədqiqatçılar və elmi müəssisələr öz nəşr göstəricilərini təhlil edə, digər tədqiqatçılarla müqayisə apara, əməkdaşlıq imkanlarını müəyyənləşdirə və yeni elmi trendləri araşdıra bilirlər. “SciVal” təsir, məhsuldarlıq və qlobal mövqelənmə üzrə vizuallaşdırılmış məlumatlar təqdim edərək strateji qərarların qəbuluna da dəstək verir. Sessiya zamanı vurğulanıb ki, düzgün jurnal seçimi strategiyalarının məlumat əsaslı analitik yanaşmalarla birləşdirilməsi tədqiqat nəticələrinin keyfiyyətini və təsir gücünü əhəmiyyətli dərəcədə artırır. İştirakçılar öz elmi fəaliyyətlərini beynəlxalq standartlarla müqayisə etməyi, yüksək təsirli əməkdaşlıq şəbəkələrini müəyyənləşdirməyi və tədqiqat istiqamətlərini qlobal prioritetlərlə uyğunlaşdırmağı öyrəniblər. Təlim interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. Bu hissədə iştirakçılar nəşr prosesində qarşılaşdıqları çətinlikləri müzakirə edib və “Elsevier” mütəxəssisi ilə birlikdə praktik həll yollarını nəzərdən keçiriblər. Təlim növbəti günlərdə də öz işini davam etdirəcək.
Tarix: Bu gün, 16:02
Xəbəri paylaş
