Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazir müavini: Biz Azərbaycanda innovasiya üçün yeni platforma açırıq


Bu gün biz sadəcə bir sənəd imzalamırıq. Biz Azərbaycanda ideyalar, liderlik və innovasiya üçün yeni platforma açırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanda "IE Liderlik və İnnovasiya" Mərkəzinin yaradılmasına dair anlaşma memorandumunun imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, Bakıda Liderlik və İnnovasiya üzrə “IE Hub”un yaradılması mühüm addımdır.
“Bu, Azərbaycanı Avropanın aparıcı akademik və intellektual institutlarından biri olan “IE Universiteti” ilə birləşdirir və İspaniya ilə əməkdaşlığımıza yeni enerji gətirir. Bizim üçün bu layihə daha geniş məna daşıyır. Bu, insanlarla, istedadla bağlıdır. Bu, qlobal düşünə bilən, yaradıcı hərəkət edən və gələcəyin iqtisadiyyatını qura biləcək yeni lider nəslinin hazırlanması deməkdir. Bu gün Azərbaycan sabit, dinamik və ambisiyalı bir ölkədir. Biz infrastruktur, əlaqəlilik, sənaye zonaları, rəqəmsal transformasiya və beynəlxalq tərəfdaşlıqlara investisiya yatırırıq. Coğrafi mövqeyimiz bizə strateji üstünlük verir. İqtisadi siyasətimiz bizə istiqamət verir. Lakin uzunmüddətli uğurun əsas hərəkətverici qüvvəsi insan kapitalıdır”, - deyə nazir müavini qeyd edib.
Elnur Əliyev vurğulayıb ki, yollar, limanlar, sənaye parkları və texnologiyalar vacibdir, amma bacarıqlı insanlar olmadan onlar sadəcə infrastruktur olaraq qalır: “Güclü insan kapitalı ilə isə onlar inkişafın mühərrikinə çevrilir. Məhz buna görə bu Hub sadəcə təhsil təşəbbüsü deyil. Bu, Azərbaycanın gələcəyinə yönəlmiş strateji investisiyadır. Bu, həmçinin dövlət, biznes və beynəlxalq tərəfdaşların necə birgə işləyə biləcəyinin yaxşı nümunəsidir. Xüsusilə “PAŞA Holdinq" və SOCAR-ın rolunu qeyd etmək istərdim. Onların iştirakı göstərir ki, özəl sektorumuz bir mühüm həqiqəti aydın şəkildə anlayır. insanlara qoyulan sərmayə ən vacib sərmayədir”.


Tarix: Bu gün, 10:45

Xəbəri paylaş