Təhsil müəssisələrində qida təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən “Təhsil müəssisələrində uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələbləri” mövzusunda maarifləndirici görüşlər keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdən biri Füzuli Rayon İcra Hakimiyyətində təşkil olunub. Görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, körpələr evi-uşaq bağçalarının və ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Maarifləndirici görüş Füzuli Rayon Musiqi Təmayüllü Uşaq Gimnaziyasında davam etdirilib.
Agentliyin əməkdaşları sağlam gələcək naminə uşaqların düzgün və balanslı qidalanması, hərtərəfli inkişafı ilə bağlı geniş məlumat veriblər. Bildirilib ki, təhsil müəssisələrində qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, təhlükəsiz qidalanmanın təmin olunması və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbirlərdə, həmçinin uşaqların gündəlik qida rasionunun düzgün qurulması, qidaların saxlanması və istifadə qaydaları, sanitar-gigiyena tələblərinə riayət olunmasının vacibliyi barədə təqdimatlar olub, iştirakçılara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.
Sonda iştirakçılara qida təhlükəsizliyi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqda və ya sağlam qidalanma ilə bağlı suallar yarandıqda agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri bildirilib.
Tarix: Bu gün, 11:00
