Xarici dil qiymətləndirilməsində yeni yanaşmalar: boşluqlar aradan qaldırılır

Əvvəlki illərdə xarici dil üzrə qiymətləndirmədə müəyyən boşluqlar və qeyri-müəyyənliklər müşahidə olunurdu. Bəzi hallarda nəticələrin ardıcıllığında fasilələr yaranır, bu isə ümumi qiymətləndirməyə təsir edirdi.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. O bildirib ki, bu yanaşmanın dəyişdirilməsi asan olmasa da, zamanında qəbul edilən qərarlar özünü doğruldub: “Xarici dilin tədrisinin və qiymətləndirilməsinin gücləndirilməsi bu gün gənclərin inkişafı üçün mühüm amillərdən birinə çevrilib. Müasir dövrdə riyaziyyat və informatika necə vacibdirsə, xarici dil bilikləri də hər bir gənc üçün yeni imkanların açarıdır. Daha çox bacarığa sahib olan gənclər həm əmək bazarında, həm də şəxsi inkişaf baxımından daha geniş imkanlar əldə edirlər”.
DİM sədri əlavə edib ki, texnologiyanın, avtomatik tərcümə vasitələrinin inkişafına baxmayaraq, dil bilikləri öz aktuallığını itirmir: “Çünki bir neçə dil bilmək insanın idrak imkanlarını genişləndirir, analitik düşünmə və ünsiyyət bacarıqlarını daha da inkişaf etdirir”.
Tarix: Bu gün, 12:00
