ABŞ-də dəhşət: Prezident Tramp tədbirdən təxliyə edildi, hücumçu saxlanıldı
ABŞ-də mühüm siyasi tədbir zamanı baş verən silahlı insident ciddi təhlükəsizlik narahatlığı yaradıb.
Hadisə Ağ Ev Müxbirləri Assosiasiyası tərəfindən təşkil olunan və Washington Hilton hotelində keçirilən qəbul zamanı qeydə alınıb.
ABŞ Prezidenti Donald Trump tədbirdə iştirak edərkən zalda qəfil yüksək səslər eşidilib və bu, iştirakçılar arasında çaxnaşmaya səbəb olub. Təhlükəsizlik əməkdaşları dərhal hərəkətə keçərək prezidenti, birinci xanım Melania Trampı, vitse-prezident J. D. Vansi və digər rəsmi şəxsləri zaldan təxliyə ediblər.
İlkin məlumatlara görə, atəş səsləri hotelin foyesində qeydə alınıb.
Prezident Tramp sonradan etdiyi açıqlamada hücumçunun saxlanıldığını təsdiqləyib. Onun sözlərinə görə, silahlı şəxs təhlükəsizlik məntəqəsinə bir neçə silahla hücum etməyə cəhd edib və ABŞ-nin Məxfi Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində zərərsizləşdirilib.
Tramp hüquq-mühafizə orqanlarının fəaliyyətini yüksək qiymətləndirərək onların “çox sürətli və peşəkar” davrandığını bildirib.
Hadisə zamanı Məxfi Xidmətin bir əməkdaşı atəş nəticəsində xəsarət alıb. Lakin onun üzərindəki qoruyucu zireh ağır nəticələrin qarşısını alıb. Prezident həmin əməkdaşın vəziyyətinin yaxşı olduğunu qeyd edib.
Hadisədən dərhal sonra hücumçunun taleyi ilə bağlı fərqli məlumatlar yayılsa da, rəsmi açıqlamalara əsasən onun sağ ələ keçirildiyi bildirilir. İlkin ehtimallara görə, hücumçu təkbaşına hərəkət edib, lakin bu, istintaqın nəticəsindən sonra dəqiqləşəcək.
Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd edən şəxsin Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allen olduğu məlumatı yayılıb.
Baş verən insident səbəbindən qəbul planlaşdırıldığı kimi davam etməyib. Prezident Tramp tədbirin gələcəkdə yenidən keçirilə biləcəyini qeyd edib.
Bu hadisə ABŞ-də yüksək səviyyəli tədbirlərdə təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub. İstintaq davam edir.
Tarix: Bu gün, 09:30
