Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib



Aprelin 24-də “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Tərtər şəhərində Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov təlim iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb və sözügedən sahədə maarifləndirmə tədbirlərinin rolunu xüsusi qeyd edib.
Çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, Baş Prokurorluqla birgə həyata keçirilən antikorrupsiya maarifləndirmə tədbirləri ardıcıl xarakter daşıyır. Əlavə edib ki, ötən il ərzində 30 476 nəfər rəhbər, pedaqoji heyət və şagirdin iştirakı ilə 839 maarifləndirici tədbir təşkil edilib. Bu rəqəmlər göstərir ki, korrupsiyaya qarşı mübarizə yalnız inzibati tədbirlərlə deyil, həm də düşüncə və davranış dəyişikliyi ilə aparılır.
Aparat rəhbəri vurğulayıb ki, regionlarda keçirilən silsilə təlimlər və müxtəlif mövzuları əhatə edən proqramlar təhsil işçilərinin məlumatlılığını və məsuliyyət hissini artırmağa xidmət edir. Eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi bu sahədə fəaliyyətin daha effektiv qurulmasına imkan yaradır. Diqqətə çatdırıb ki, korrupsiyaya qarşı mübarizə yalnız hüquqi deyil, həm də mənəvi məsələdir və bu prosesdə dürüstlük, etik davranış və şəxsi məsuliyyət əsas rol oynayır.
Çıxışlardan sonra Baş Prokurorluğun Elm -Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli “Korrupsiyaya qarşı mübarizə sahəsində milli mübarizə strategiyası: “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın məqsədləri və hədəfləri”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə “Dövlət qulluqçularının etik davranış qaydaları və milli qanunvericilikdə maraqlar toqquşmasının qarşısının alınması imkanları”, Tərtər rayon prokuroru Fuad Məmmədov “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticələri” mövzularında təqdimatlar ediblər, iştirakçıları məlumatlandırıblar.
Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb və təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
Tarix: Bu gün, 16:29
