“İnnovasiya Potensialına Baxış 2026”: Ölkələrin yalnız 10 faizi öz texnoloji potensialını tam şəkildə reallaşdırır

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən Harvard Universitetinin “Growth Lab” laboratoriyası ilə birgə hazırlanmış “İnnovasiya Potensialına Baxış (İPB) 2026” adlı tədqiqata əsasən, 193 ölkədə 2,5 milyard məlumat (datalar) vahidi təhlil edilib və 2500-dən çox innovasiya imkanını əhatə edən xəritə yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən “İnnovativ potensial: əqli mülkiyyət + süni intellekt” mövzusunda dəyirmi masada söyləyib.
“Müəyyən olunub ki, hazırda tədqiq edilən ölkələrin yalnız 10 faizi öz texnoloji potensialını tam şəkildə reallaşdırır. Bu da ildə təxminən 339000 texnoloji innovasiyaya bərabərdir.
Başqa sözlə, texnoloji innovasiyalar sahəsində iqtisadiyyatların yalnız 10 faizi öz patent potensialını reallaşdırır. Eyni zamanda 27 faizi ticarət nişanları üzrə gözlənilən həcmə nail olur, 32 faizi isə elmi nəşrlər potensialını həyata keçirir. Bu isə qlobal innovasiya sistemində kritik dar boğazı təşkil edir və elmi biliklərin və istehsal güclərinin patentləşdirilə bilən innovasiyalara çevrilməsi prosesində mövcud olan sistemli maneələri göstərir”, - deyə Kamran İmanov bildirib.
Tarix: Bu gün, 11:41
