Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün sənəd qəbulu aparılır




Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyyəsi üzrə 8 yer ayrılıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər aprelin 23-dən 30-dək tələb olunan sənədləri mövzu bölməsində “MDBƏİ” yazmaqla [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Abituriyentlər bu ünvanı aşağıda qeyd olunan sənədlərin fotosurətlərini göndərməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi;
2. Cari ildə orta məktəbi bitirən məzunların bitirdiyi məktəbdən yarımillik qiymətləri göstərilən arayış;
3. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədi;
4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar);
5. Əlaqə məlumatları.
Müsabiqədə iştirak etmək hüququna orta məktəbin rus bölməsini bitirən, 2026-cı il iyulun 30-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının yarımillik qiymətləri) 4 və 5 olan, II ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin attestatında riyaziyyat, rus dili və xarici dil fənləri, digər ixtisas qrupları üzrə sənəd verəcək şəxslərin isə attestatında rus dili və xarici dil fənləri üzrə yarımillik qiyməti 5 olan, həmçinin buraxılış imtahanında 200 və daha artıq bal toplayan Azərbaycan vətəndaşları malikdirlər.
DİM tərəfindən sənədləri qəbul olunan abituriyentlərlə may ayının əvvəlində müsahibə keçiriləcək. Müsahibədə namizədlərin ümumi dünyagörüşü, Azərbaycan və ingilis dilləri üzrə danışıq bacarıqları yoxlanılacaq.
Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.
Abituriyentlər müsabiqədə beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat, ticarət işi, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr, ekologiya və təbiətdən istifadə ixtisaslarından biri üzrə iştirak edə bilərlər.
Abituriyent kimi göstəriciləri ən yüksək olan və müsahibədən uğurla keçən 8 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.
Növbəti mərhələ imtahanlarının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar. Qeyd edək ki, universitetin özü tərəfindən iki mərhələli imtahanın keçirilməsi nəzərdə tutulur.


Tarix: Bu gün, 15:43

Xəbəri paylaş