MEK-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi açılıb

Aprelin 23-ü dünyada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilmiş qərara əsasən təsis edilib. 1996-cı ildən etibarən isə hər il dünyanın bir çox ölkələrində kitabın, mütaliənin və müəllif hüquqlarının təşviqi məqsədilə müxtəlif tədbirlər keçirilir.
Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil olunub.
Sərgidə müxtəlif mövzuları əhatə edən “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti”, “Heydər Əliyev irsinin kitabxanalarda təbliği”, “Ümummilli Lider Heydər Əliyev irsinə dair elektron kitabxana-informasiya resursları”, “Azərbaycan kitabxana ensiklopediyası”, “Kitabları qoruyaq”, “Milli mənəvi dəyərlərimiz”, “Şuşada kitabxana və mətbuat”, həmçinin “Kitabxana işinə dair rəsmi sənədlər”, “Müəllif hüququ” və “Kitabın bədii və texniki tərtibatı”, “Azərbaycanda kitabxana işinin tarixi”, “Mərkəzi Elmi Kitabxananın inciləri” və “Yaşıl kitabxanalar”, “Oxu mədəniyyəti keçmişdən bugünə” kimi nəşrlər təqdim olunur.
Bundan əlavə, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar Hüquq və İnsan Haqları İnstitutu tərəfindən MEK-ə hədiyyə olunan dəyərli kitablar da sərgidə nümayiş etdirilir. Onların sırasında “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər”, “Heydər Əliyev: cinayətkarlıqla mübarizə” dərs vəsaiti “Hüquq terminləri lüğəti”, “Mülki məcəllə: suallar və cavablar” və digərləri var.
Nümayiş etdirilən materiallarda qanunvericilik bazası və müəllif hüquqlarının qorunması mexanizmləri, kitabın hazırlanma prosesi, kitabxanaçılığın inkişaf mərhələləri və müasir dövrdə ekoloji yanaşmalar haqqında geniş məlumat verilir.
Qeyd edək ki, iki həftə müddətində kitabsevərlər, tədqiqatçılar və tələbələr təqdim olunan zəngin materiallarla yaxından tanış ola biləcəklər.
İctimaiyyətlə əlaqələr şöbəsi
Tarix: Bu gün, 13:21
