Qeyri-adi bilik və bacarıqları ilə seçilən autizmli Tahirin anası: Onun ilk müəllimi mən olmuşam

Bəzən bir baxışla insanın daxili dünyasını kəşf edə bilirsən. 27 yaşlı autizmli Tahir Pənahovu tanıdıqda məhz bu hissi yaşamaq mümkündür. Onun baxışlarında sözlə ifadə olunmayan dərin duyğular gizlənir. Bəzən kövrələn, bəzən sakitliyə sığınan, bəzən də emosiyalarını açıqca ifadə edən Tahirin etdiyi hər hərəkət səmimi və içdəndir. O, istedadı və mübarizliyi ilə yaşıdlarından da geridə qalmır. Onun yanında isə hər zaman yorulmadan çalışan, övladının inkişafı üçün hər cür çətinliyə tab gətirən bir ana dayanır.
AZƏRTAC-ın əməkdaşları olaraq Tahirin ailəsində qonaq olduq. O, bizə handpan musiqi alətində ifa etməsini, rəsm çəkməsini, eyni zamanda, riyazi və astroloji biliklərini nümayiş etdirdi. Tahirin ən diqqətçəkən bacarıqlarından biri onun təqvim yaddaşıdır. O, hər hansı bir tarixin həftənin neçənci günü olduğunu dəqiq deyir. Həmçinin müxtəlif illərin hansı heyvanların adı ilə bağlı olduğunu asanlıqla söyləyir. Tahir tanınmışların doğum tarixlərini də yaddaşına həkk edib.
Tahirin anası Mətanət Pənahova oğlunun fərqli bacarıqları barədə ürəkdolusu danışıb: “Tahirin müxtəlif tarixlərin həftənin neçənci günü olduğunu bilməsini təsadüfən kəşf etdik. Belə ki, ailəvi söhbət zamanı ayın gününün həftənin neçənci gününə düşdüyünü bilmək istəyirdik. Tahir də bizə qulaq asırdı. Dərhal cavab verdi. Biz çox təəccübləndik, yoxladıq ki, düz deyir. Bu məsələdə yanılma ehtimalı yoxdur. Tahir atları, dənizdə üzməyi çox sevir. Hətta bir neçə dəfə delfinlərlə də üzüb. Gündəlik xəbərləri oxuyur və vikipediyadan əlavə maraqlı məlumatlar öyrənir. Tahirin inkişafında yaradıcı fəaliyyətlər xüsusi yer tutur. Birlikdə müxtəlif metodlarla təsvirlər hazırlayırıq”, - deyə ana qeyd edib.
İxtisasca həkim olan Mətanət Pənahova övladının fərqliliyinə heç vaxt problem kimi yanaşmayıb. Onun sözlərinə görə, bu sadəcə Tahirin dünyasının özünəməxsus xüsusiyyətidir. Mətanət Pənahova deyib ki, ilkin dövrlərdə onun fərqliliyini qəbul etmək çətin olub. Tahirə ilkin diaqnoz qoyulanda o, iki yaş yarımlıq imiş. Həmin vaxta qədər inkişafı normal gedib - nitqi olub, bədən üzvlərini tanıyıb. Hətta kiçik şeirlər belə söyləyib. Lakin sonradan inkişafında geriləmə başlayıb. Bir müddətdən sonra nitq qabiliyyəti itib, bildiklərini unutmağa başlayıb. Bu vəziyyət ailəsini təşvişə salıb, onlar çox çətin günlər keçiriblər. Bir müddətdən sonra isə Tahirə autizm diaqnozu qoyulub.
Mətanət xanım və ailəsi Tahir üçün daim mübarizə aparıb və bu proses indi də davam edir. Mətanət Pənahova bildirib ki, hətta məlumatların az olduğu zamanlar onun dərs vəsaitlərini də özü hazırlayıb. Şəkillər çəkib, onun üçün qlütensiz və kazeinsiz yeməklər hazırlayıb. O, bu cür qidalanmanın Tahirin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb: “Çörək, süd məhsulları və şirniyyat yeməməsi nəticəsində onda ilk müsbət dəyişikliklər müşahidə etdim. Diyetaya başlayandan sonra Tahirdə ilk səslər yarandı. Hecaları deməyə başladı, mən isə onları sözlərə çevirdim. Belə demək mümkündürsə, onun ilk müəllimi mən olmuşam. Vaxt keçdikcə Tahir oxumağı, yazmağı və hesab aparmağı öyrəndi. O, inklüziv təhsil çərçivəsində 153 nömrəli tam orta məktəbdə təhsil aldı. Hiperaktivliyi də zamanla azaldı. Emosional mühitin Tahirə təsiri çox böyükdür. Mən gərgin olanda, o da gərgin olur. Mən sakit olanda isə bu onun bütün gününə təsir edir, kövrələndə isə əsəbiləşir”, - deyə Mətanət xanım qeyd edib.
Mətanət Pənahova övladının potensialını üzə çıxarmaq üçün müxtəlif sahələrdə onunla məşğul olub. Rəsm, idman, stolüstü tennis, üzgüçülük, əl işləri, kompüter dərsləri — bütün bu fəaliyyətlər Tahirin inkişafına töhfə verib. O, hətta stolüstü tennis üzrə uğurlar da qazanıb. Bundan əlavə, Tahir kompüterdə sərbəst şəkildə rus, ingilis və Azərbaycan dillərində mətnləri səhvsiz köçürə bilir. Son dövrlərdə isə o, səhnə fəaliyyətində də özünü sınayıb. “Kainatın sükutunu yaradan uşaqlar” adlı inklüziv tamaşada aktyor kimi iştirak edib və Tahir obrazını canlandırıb. Tamaşa onların daxili dünyasını əks etdirən, fəlsəfi və təsirli bir səhnə işi olub. Hazırda isə ikinci tamaşaya hazırlıq gedir. Tahirin 22 yaşında bir qardaşı var. O, sağlam ömür sürür.
Tarix: Bu gün, 10:32
