Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Stereotiplər qırılır - traktorçu qızlar



İllərdir ağır texnika və kənd təsərrüfatı yalnız kişilərə məxsus bir sahə kimi qəbul edilib. Lakin cənub bölgəsində bu köhnəlmiş stereotip artıq tarixə qarışır. Çünki cəsarətli tələbə qızlar bu sahədə qəlibləşmiş düşüncələri darmadağın edirlər. Onlar öz iradələri və bacarıqları ilə sübut edirlər ki, peşəkar fəaliyyətdə cinsiyyət deyil, əzmkarlıq hər şeyi həll edir.




AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Alidə Hacıyeva, Zeynəb Məmmədli və Gümüş Bayramzadə müxtəlif ixtisaslarda təhsil alsalar da, onları ortaq bir məqsəd birləşdirir. Bu gənclərin hədəfi sadəcə fərqlənmək deyil, həm də özlərini çətin və məsuliyyətli bir sahədə sübut etməkdir. Tonlarla ağırlığı olan traktoru əminliklə idarə edən tələbə qızlar gələcəkdə peşəkar mütəxəssis kimi kənd təsərrüfatına töhfə verməyi qarşılarına əsas məqsəd qoyublar.
Bu gənc qızlar sübut edirlər ki, peşənin cinsiyyəti yoxdur - istək, zəhmət və iradə olan yerdə istənilən sahədə uğur qazanmaq mümkündür. Onların bu addımı yalnız şəxsi nailiyyət deyil, həm də cəmiyyətə ünvanlanmış güclü bir mesajdır: qadınlar ağır texnikanı idarə edə, kənd təsərrüfatında aparıcı rol oynaya və gələcəyin qurulmasında fəal iştirak edə bilərlər. Bu gün onlar sadəcə traktor sükanı arxasında əyləşmir, həm də köhnəlmiş stereotiplərin üzərindən keçərək cəmiyyətdə yeni bir baxış bucağının əsasını qoyurlar.
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbə qızlar texnikanın sirlərinə həm nəzəri, həm də praktiki olaraq dərindən yiyələnirlər. Onların hələ uşaq yaşlarından tarlada valideynlərinə kömək edərkən yaranan marağı indi peşəkar fəaliyyətə çevrilib. Tələbələrdən Gümüş Bayramzadə bildirir ki, traktor idarə etməyi atasından öyrənib. Atasının uzun illər əkinçiliklə məşğul olduğunu və pambıq zavodunda çalışdığını qeyd edən Gümüş, yay tətillərində ona kömək edərkən bu çətin, lakin maraqlı peşəyə marağının yarandığını vurğulayıb.

Gümüşün sözlərinə görə, ilk dəfə sükan arxasına keçəndə müəyyən qədər həyəcan hiss etsə də, atasının dəstəyi sayəsində bu çətinliyi qısa zamanda dəf edib. O, artıq traktoru tam sərbəst şəkildə idarə etdiyini və bu peşəyə olan marağının günbəgün artdığını bildirir.
Hər üç tələbə fərqli ixtisaslar üzrə təhsil alsa da, traktorçu qrupundakı təcrübə onların nəzəri və praktiki bacarıqlarının paralel inkişafına şərait yaradır. Bu gənclər müasir Azərbaycan qadınının həm müxtəlif peşə sahələrində, həm də aqrar sektorda eyni dərəcədə uğur qazana biləcəyini əyani şəkildə sübut edirlər.
Digər traktorçu qız, əslən Biləsuvar rayonundan olan Zeynəb Məmmədli hazırda Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində veb-dizayn və proqram təminatı ixtisası üzrə təhsil alır. Onun sözlərinə görə, mərkəzin sosial şəbəkə səhifələrində ağır texnika ilə bağlı paylaşımları görüb və bu sahəyə olan köhnə marağı yenidən yaranıb. Fürsəti dəyərləndirərək təcrübə proqramına qoşulan Zeynəb artıq praktik məşğələlərdə fəal iştirak edir. O, əkin sahələrində şumlama prosesinə qatılır və kənd təsərrüfatı texnikasının sirlərini dərindən öyrənir.
Mərkəzin direktoru Ramil Əmənov müəssisədə traktorçu qruplarının fəaliyyət göstərdiyini və son vaxtlar qız tələbələrin də bu sahəyə xüsusi maraq göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, tələbələr bu istəklərini regionlardakı kənd təsərrüfatı ehtiyacları və işçi qüvvəsinə olan tələbatla əsaslandırırlar. Direktor əlavə edib ki, tələbə qızların bu müraciəti rəhbərlik tərəfindən müsbət qarşılanıb - artıq onlar üçün asudə vaxtlarında xüsusi təlimlər təşkil olunur ki, bu da gənclərin həm nəzəri, həm də praktik vərdişlərə yiyələnməsinə şərait yaradır.




Tarix: Bu gün, 12:55

Xəbəri paylaş