Azərbaycan uşaqların rəqəmsal mühitdə müdafiəsinə dair beynəlxalq müzakirələrdə təmsil olunur

Aprelin 21-də Türkiyənin paytaxtı Ankarada “Rəqəmsal mühitdə uşaqların müdafiəsi sahəsində beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda beynəlxalq müzakirələr başlayıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikigünlük yüksəksəviyyəli tədbirdə ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
On yeddi ölkədən nümayəndələrin iştirak etdiyi müzakirələrin əsas məqsədi rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl siyasətlərin müzakirəsi və bu istiqamətdə ölkələr arasında əməkdaşlığın gücləndirilməsidir.
Tədbirin prioritet istiqamətləri arasında rəqəmsal platformalarda uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli informasiyadan qorunması və onların sağlam inkişafı üçün effektiv mexanizmlərin müəyyənləşdirilməsi məsələləri də yer alır.
Müxtəlif ölkələrin aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və ekspertlərin iştirakı ilə tematik müzakirələr və panel sessiyalar da keçirilir.
Texnologiyaların idarəedilməsi və qlobal təcrübələrə həsr olunmuş sessiyada “Microsoft”, “Meta” və “Google” kimi şirkətlərin nümayəndələri, eləcə də Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinin, T3 Fondunun və digər qurumların əməkdaşları vəziyyətlə bağlı fikirlərini bölüşəcəklər.
Tədbir çərçivəsində bir sıra dövlətlərdən olan nazirlərin iştirakı ilə yüksəksəviyyəli toplantı da təşkil olunacaq.
Tarix: Bu gün, 12:00
