Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli - beynəlxalq konfrans

Aprelin 16-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, BSU-nun rektoru Anar Nağıyev inklüzivliyin əsas mahiyyətinin əməkdaşlıq olduğunu vurğulayıb. O bildirib ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı IV beynəlxalq konfrans artıq mühüm müzakirə platformasına çevrilib. Onun sözlərinə görə, bu təşəbbüs ilk dəfə 2022-ci ilin aprelində “Autizm aylığı” çərçivəsində irəli sürülsə də, bu gün geniş şəbəkəni əhatə edən və inklüziv təhsilin inkişafına xidmət edən mühüm bir layihə kimi formalaşıb. Layihə çərçivəsində indiyədək 900-ə yaxın tədbir təşkil olunub, 1000-ə yaxın müəllimlə əməkdaşlıq qurulub və Bakının 20-dən çox məktəbi ilə koordinasiya əlaqələri yaradılıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov Azərbaycanın elm və təhsil sahəsində son illər mühüm uğurlar qazandığını söyləyib. O, konfransın mövzusunun aktuallığını xüsusi vurğulayaraq, uzun illərdir bu sahədə mövcud problemlərin həlli istiqamətində uğurlu işlər aparıldığını diqqətə çatdırıb.
UNEC-in rektoru professor Ədalət Muradov inklüziv təhsilin təkcə bərabərlik və ədalət məsələsi deyil, eyni zamanda, təhsil sistemində köklü dəyişiklikləri tələb edən mühüm bir yanaşma olduğunu deyib. O bildirib ki, inklüziv universitet anlayışı nisbətən yeni konsepsiyadır. Ədalət Muradov BSU-nun gələcəkdə inklüziv universitet statusuna iddia edən ali təhsil müəssisələrindən biri olacağına əminliyini ifadə edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova inklüziv təhsillə bağlı təşkil olunan proqramların əhəmiyyətindən bəhs edib. O bildirib ki, inklüziv mühit sağlam və davamlı cəmiyyətin formalaşmasına töhfə verir. Hicran Hüseynova inklüziv təhsil istiqamətində görülən işlərin gələcəkdə daha böyük nəticələr verəcəyindən əmin olduğunu diqqətə çatdırıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, agentlik tərəfindən inklüziv təhsil sahəsində həyata keçirilən layihələr təhsildə bərabər imkanların yaradılmasına xidmət edir. O, inklüziv təhsilin effektiv tətbiqi üçün peşəkar kadrların hazırlanmasının xüsusi önəm kəsb etdiyini qeyd edib.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən bəhs edib. O vurğulayıb ki, bu sahədə görülən işlər inklüzivliyin təmin olunmasına və sosial rifahın artırılmasına xidmət edir.
Daha sonra BMT-nin Sülh elçisi, Təşkilat Komitəsinin üzvü Serkan Bayram, “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov, Qazi Universitetinin Xüsusi təhsil departamentinin müdiri, Təşkilat Komitəsinin üzvü Ciğil Aykut və Qdansk Universitetinin Sosial Elmlər fakültəsinin dekanı, Təşkilat Komitəsinin üzvü Mixal Xarçiarek çıxış ediblər. Spikerlər inklüziv təhsil mövzusunun beynəlxalq səviyyədə xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. İnklüziv təhsilin inkişafı üçün ölkələrarası əməkdaşlığın vacibliyini qeyd edib.
Konfransın plenar iclası bədii hissə ilə yekunlaşıb.
Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.


Tarix: Bu gün, 19:15

Xəbəri paylaş