Növbəti tədris ilindən inklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayının 500-ü keçməsi gözlənilir

İnklüziv təhsildə ən ciddi problemlərdən biri müəllim hazırlığı, ixtisaslı kadr çatışmazlığıdır. Hər il 20-dən çox təhsil müəssisəsini inklüziv təhsilə cəlb edirik. Hazırda inklüziv təhsil 400-dən çox şagirdi əhatə edir. Sentyabr ayından inklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayının 500-ü keçməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Bakı Slavyan Universitetində keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” mövzusunda IV beynəlxalq elmi-praktik konfransda deyib.
Direktor bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə məşğul olan onlarla digər təhsil müəssisəsində minlərlə uşaq xüsusi təhsil xidmətlərindən faydalanır: “Son bir il ərzində apardığımız təhlil və tədqiqatlar göstərir ki, mövcud göstəricilərimiz bu xidmətlərə ehtiyacı olan uşaqların real sayını tam əhatə etmir. Yəni layihədə yüzlərlə uşaq iştirak etsə də, bu xidmətə ehtiyacı olan uşaqların sayı əslində minlərlədir. Əsas məqsədimiz və amalımız isə bu uşaqların hamısını keyfiyyətli təhsil xidməti ilə əhatə etməkdir”.
Tarix: Bu gün, 13:30
