ADNSU-da gənclər arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici seminar keçirilib
Aprelin 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəsimi Rayon Polis İdarəsi ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində maarifləndirici seminar təşkil olunub.
Seminarın əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin mənfi təsirləri barədə məlumatlılığın artırılması və gənclərin bu istiqamətdə daha fəal mövqe sərgiləməsinə dəstək vermək olub.
Tədbirdə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev, idarənin əməkdaşları, ADNSU-nun Ümumi işlər üzrə prorektoru Elnur İsmayılov, universitetin əməkdaşları və tələbələr iştirak ediblər.
ADNSU-nun Ümumi işlər üzrə prorektoru Elnur İsmayılov çıxışında bu cür maarifləndirici tədbirlərin gənclərin sağlam düşüncəli və məsuliyyətli fərd kimi formalaşmasında mühüm rol oynadığını bildirib. O, dövlət səviyyəsində həyata keçirilən proqramların əhəmiyyətini vurğulayaraq gənclərin zərərli vərdişlərdən qorunmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.
Daha sonra çıxış edən Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlərdən bəhs edib. O, bu istiqamətdə aparılan profilaktik tədbirlər və əldə olunan nəticələr barədə məlumat verərək gəncləri sağlam həyat tərzinə üstünlük verməyə çağırıb.
Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tarix: Bu gün, 18:07
