Qarabağ Universitetinin rektoru: Türk dünyasının ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıyıq

Ankarada davam edən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində Qarabağ Universiteti ilə Türk dünyasının digər ali təhsil müəssisələri arasında, xüsusilə turizm sahəsində qarşılıqlı, faydalı məsələlər müzakirə olunur. Bu əməkdaşlıqda maraqlıyıq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qarabağ Universitetinin rektoru iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramov bildirib. Rektor qeyd edib ki, rəhbəri olduğu ali təhsil müəssisəsinin qarşısında duran əsas məqsədlərdən biri Qarabağda yeni dövrün ən müasir universitetinin yaradılmasıdır. “2023-cü ildə yaradılan universitetimizin strateji hədəfləri arasında, həmçinin Türk dünyasını təmsil edən ölkələrin universitetləri, elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıqların yaradılması var”, - deyə Ş.Bayramov ifadə edib.
Rektor bildirib ki, hazırda Qarabağ Universiteti ikinci tədris ilindədir və burada 34 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir: “Bu sıraya turizm ixtisası da daxildir və turizm sahəsinə çox böyük maraq var. Biz də fürsətdən istifadə edərək Ankarada keçirilən bu platformada Qarabağ Universiteti, ölkəmizin turizm imkanları və bu sahədə kadr hazırlığı haqqında məlumat verir, fikir mübadiləsi aparırıq”.
Tarix: Bu gün, 17:57
