Mingəçevir Dövlət Universitetinin baş müəlliminin monoqrafiyası çap olunub


Mingəçevir Dövlət Universitetinin baş müəllimi Maarifə Nuh qızı Manafovanın “Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” əsərinin dili və üslubu” adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində nəfis şəkildə nəşr edilib.
Üç fəsildən ibarət olan monoqrafiyada Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” əsərinin dili və üslubu əhatəli şəkildə tədqiq olunur. Müəllifi bəlli olmayan və 1712-ci ildə Məhəmməd Yusif Şirvani tərəfindən üzü köçürülmüş bu əsər dil xüsusiyyətlərinə görə XVI əsr ədəbi dili ilə səsləşir.
Monoqrafiya orta əsrlər Azərbaycan dilinin tarixi-morfoloji və sintaktik quruluşu, leksik zənginliyi və əsərin elmi-ədəbi üslubu sistemli şəkildə təqdim olunur. Monoqrafiya həm nəzəri, həm də praktik əhəmiyyət kəsb edir. O, Azərbaycan dilinin tarixi inkişafını, orta əsr təbabətini və elmi-ədəbi ənənələri araşdıran tədqiqatçılar üçün qiymətli mənbədir.
Əsər magistrantlar, doktorantlar, filologiya sahəsində çalışan alimlər və dilimizin tarixi qrammatikası ilə maraqlananlar üçün faydalıdır. Təqdim olunan materiallar həm akademik tədqiqatlarda, həm də tədris prosesində istifadə üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyanın Baş redaktoru AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli; elmi redaktorları AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva və Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov; rəyçilər AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovadır.
Filologiya üzrə fəlsəfə doktoru Maarifə Nuh qızı Manafovanın “Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” əsərinin dili və üslubu” monoqrafiyası Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 9 fevral 2026-cı il tarixli (protokol № 5) qərarı ilə nəşr olunub.
Namaz Rizvan oğlu Manafov,
filologiya üzrə fəlsəfə doktoru, dosent
055 440 74 76
“TƏHSİL”

Tarix: Dünən, 23:21
