ADNSU-nun nümayəndələri Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə maarifləndirici görüş keçiriblər




Aprelin 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində keçirilən maarifləndirici görüşlər çərçivəsində Bakı şəhərində yerləşən Akademik Zərifə Əliyeva adına lisey və Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdləri ilə görüş keçiriblər.
ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin təşkilatçılığı ilə baş tutan görüşlərin əsas məqsədi şagirdlərin universitet haqqında daha geniş məlumatlandırılması, ali təhsil müəssisəsi ilə yaxından tanışlığının təmin olunması və gələcək ixtisas seçiminə dəstək göstərilməsi olub.
Görüş zamanı Təhsilalanlarla iş şöbəsinin müdiri Rəna Cəbrayılova çıxış edərək tədbirin məqsədi, ADNSU-nun tədris istiqamətləri, mövcud imkanlar və tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verib. Daha sonra şagirdlərə universitetin fəaliyyəti, kampus həyatı və təhsil mühiti ilə bağlı təqdimat və infotur nümayiş etdirilib.
Tədbirdə ADNSU-nun müxtəlif struktur bölmələrinin rəhbərləri və nümayəndələri çıxış edərək universitetin tarixi, qəbul qaydaları, mövcud ixtisaslar, tədris prosesinin təşkili, ikili diplom proqramları, SABAH qrupları və digər təhsil imkanları barədə geniş məlumat veriblər. Həmçinin universitetin məzunlarının əmək bazarındakı mövqeyi, istehsalat sahələrində onlara olan yüksək tələbat və məzunların işə qəbul göstəriciləri barədə statistik məlumatlar da diqqətə çatdırılıb.
Çıxışlarda ADNSU məzunlarının neft-qaz sənayesinin, eləcə də ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb. Qeyd olunub ki, universitet məzunları bu gün də həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mühüm layihələrdə fəal şəkildə iştirak edirlər.
Görüş interaktiv formatda davam etdirilib və şagirdlərin ali təhsil, ixtisas seçimi və universitet həyatı ilə bağlı sualları ADNSU nümayəndələri tərəfindən cavablandırılıb. Sonda aktiv iştirak edən şagirdlərə xatirə hədiyyələri təqdim olunub.
Tarix: Dünən, 22:54
Xəbəri paylaş

