Türkiyədə məktəbdə faciə: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb

Kahramanmaraşdakı Ayser Çalık orta məktəbinə edilən hücum nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb. Altı nəfərin vəziyyəti ağırdır.
AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Kahramanmaraşdakı vəziyyətlə bağlı son məlumatları paylaşıb. O bildirib ki, ölənlərdən səkkizi şagird, bir nəfər isə müəllimdir.
Hücumu iki sinif otağında atəş açan səkkizinci sinif şagirdi İsa Aras Mersinli törədib. O, intihar edib.
17:49
Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edən səkkizinci sinif şagirdinin atasını saxlayıblar.
AZƏRTAC xəbər verir ki, İsa Aras Mersinlinin atası, keçmiş polis zabiti Uğur Mersinli dindirilmək üçün gətirilib.
İlkin məlumatlara zidd olaraq, hücum edən şəxs saxlanılmayıb, intihar edib. O, məktəbə beş tapança və yeddi sursat maqazini ilə gəlib. Silahların oğlanın atasına məxsus olduğu güman edilir.
Bu arada, Aysel Çalık Liseyində baş verən atışmada həlak olan dörd nəfərdən üçünün şagird, birinin isə müəllim olduğu məlum olub.
Vitse-prezident Cevdet Yılmaz bildirib ki, bütün müvafiq qurumlar, əsasən daxili işlər, ədliyyə və milli təhsil nazirlikləri hadisənin bütün təfərrüatlarını müəyyən etmək üçün hərtərəfli araşdırma və yoxlamalar aparır.
15:58
Kahramanmaraşda məktəbdə silahlı hücumda 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, Kahramanmaraş valisi Mükerrem Ünlüer bu barədə məlumat verib. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.
Silahlı şəxsin səkkizinci sinif şagirdi olduğu və saat 13:30 radələrində iki sinif otağına girdiyi bildirilir.
15:39
Türkiyənin Kahramanmaraş şəhərində bir məktəbə silahlı hücum olub.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, Aysel Çalık adına orta məktəbdə baş verən atışma nəticəsində çox sayda yaralının olduğu bildirilir.
Kahramanmaraş valisi Mükerrem Ünlüer silahlı insidentin səbəbinin hələlik məlum olmadığını qeyd edib: “Məktəblərimizdən birində faciəvi bir hadisə baş verib. Yaralıların olduğu barədə məlumat aldıq. Hadisə hərtərəfli araşdırılır", - deyə vali bildirib.
Türkiyənin milli təhsil naziri Yusuf Tekinin bölgəyə yola düşdüyü məlum olub.
Tarix: Bu gün, 20:53
