Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Akademik Zərifə Əliyeva elmin, şəfqətin və fədakarlığın rəmzidir



Azərbaycan tibb elminin inkişaf tarixində xüsusi yer tutan akademik Zərifə Əliyeva həm alim, həm həkim, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ictimai xadim kimi yadda qalıb. Onun həyat və fəaliyyəti yalnız bir elmi istiqamətin inkişafı ilə məhdudlaşmayıb, bütövlükdə ölkənin səhiyyə sisteminin formalaşmasına və milli kadr potensialının güclənməsinə mühüm töhfələr verib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Aprelin 15-nin akademikin anım günü olduğunu qeyd edən deputat bu tarixin zəngin irsin yenidən dəyərləndirilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib: “Zərifə Əliyevanın Azərbaycan Tibb İnstitutunda aldığı fundamental biliklər onun gələcək elmi fəaliyyətinin əsasını qoyub. O, hələ tələbəlik illərindən etibarən tibb sahəsində ixtisaslaşma yolunu seçib. 1947-ci ildə institutu əla qiymətlərlə bitirən gənc həkim qısa müddət ərzində elmi-tədqiqat fəaliyyətinə qoşularaq oftalmologiya sahəsində özünü təsdiq etməyə başlayıb. Zərifə Əliyevanın elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizə olub. Bu infeksion xəstəlik yalnız tibbi deyil, həm də sosial problem kimi cəmiyyət üçün ciddi təhlükə yaradırdı. Alimin təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən kompleks profilaktik və müalicə tədbirləri nəticəsində traxoma tədricən aradan qaldırılıb, ölkə bu ağır xəstəlikdən xilas edilib. Onun sintomisinlə müalicə metoduna dair elmi əsaslandırmaları praktik səhiyyədə geniş tətbiq olunaraq mühüm nəticələr verib. Alimin tədqiqatları yalnız traxoma ilə məhdudlaşmayıb. Qlaukoma, görmə orqanının iltihabi xəstəlikləri, virus mənşəli göz patologiyaları və peşə xəstəlikləri kimi aktual problemləri də əhatə edib. Xüsusilə kimya sənayesi işçilərində görmə orqanının zədələnməsinə dair apardığı fundamental araşdırmalar onu bu sahədə qabaqcıl alimlərdən birinə çevirib. Moskvanın nüfuzlu elmi mərkəzində müdafiə etdiyi doktorluq dissertasiyası oftalmologiyada yeni istiqamətin, peşə patologiyasının elmi əsaslarının formalaşmasına töhfə verib”.
Mehriban Vəliyeva vurğulayıb ki, görkəmli oftalmoloq-alim Zərifə Əliyeva minlərlə xəstəyə şəfa verib, mürəkkəb cərrahi əməliyyatlar həyata keçirib: “Onun fəaliyyəti yalnız paytaxtla məhdudlaşmayıb. Regionlarda xəstəlik ocaqlarının araşdırılması, yerli həkimlərin maarifləndirilməsi və əhalinin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması istiqamətində geniş miqyas alıb. Xüsusilə uşaq evlərində yayılan traxomanın qarşısının alınmasında göstərdiyi xidmətlər onun humanist missiyasının bariz nümunəsidir. Akademik Zərifə Əliyevanın elmi irsi olduqca zəngindir. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olub. “Terapevtik oftalmologiya”, “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” kimi əsərləri bu gün də mütəxəssislər üçün mühüm elmi mənbə olaraq qalır. Onun elmi fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi kimi 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülməsi xüsusi qeyd olunmalıdır. Zərifə Əliyeva, eyni zamanda, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasına böyük əmək sərf edib. Onun rəhbərliyi altında formalaşan gənc alimlər və həkimlər nəsli bu gün də Azərbaycan səhiyyəsinin inkişafında fəal rol oynayır. O, həkim peşəsinin etik və mənəvi tərəflərinə xüsusi önəm verərək, “Yüksək etimad” əsərində bu məsələləri geniş şəkildə şərh edib”.
Deputat vurğulayıb ki, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva ölkə tarixində bu ada layiq görülən ilk qadın oftalmoloq-alim kimi mühüm bir mərhələnin əsasını qoyub: “Onun elmi və ictimai fəaliyyəti respublikanın elmi potensialının gücləndirilməsinə, səhiyyə sisteminin modernləşdirilməsinə və beynəlxalq elmi əlaqələrin inkişafına xidmət edib. Akademik Zərifə Əliyevanın şəxsiyyəti yalnız elmi nailiyyətləri ilə deyil, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilirdi. Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi, o, mərhəmət, xeyirxahlıq və humanizm kimi ali dəyərləri özündə birləşdirən nadir insanlardan idi. Prezident İlham Əliyevin fikirlərində də onun həm alim, həm ana, həm də insan kimi bütöv və nümunəvi obrazı aydın şəkildə əks olunur. 1985-ci il aprelin 15-də dünyasını dəyişən görkəmli alim bu gün də Azərbaycan xalqının yaddaşında yaşayır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkədə oftalmoloji xidmətlərin inkişafında aparıcı rol oynayır və alimin zəngin elmi irsinin davam etdirilməsinin bariz nümunəsidir. Akademik Zərifə Əliyevanın həyat yolu və fəaliyyəti göstərir ki, elmə sədaqət, peşəkarlıq və insanlara xidmət prinsipi bir araya gəldikdə cəmiyyət üçün böyük dəyərlər yarana bilər. Onun irsi Azərbaycan səhiyyəsinin inkişaf strategiyasında mühüm yer tutmaqla yanaşı, gələcək nəsillər üçün də örnək olaraq qalır”.


Tarix: Bu gün, 12:00

Xəbəri paylaş