Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

TAU-da “Ali təhsil müəssisələrində ingilis dili hazırlığı və tədrisi: problemlər, çağırışlar və müasir yanaşmalar” mövzusunda vorkşop keçirilib




TAU-da “Ali təhsil müəssisələrində ingilis dili hazırlığı və tədrisi: problemlər, çağırışlar və müasir yanaşmalar” mövzusunda vorkşop keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) “Ali təhsil müəssisələrində ingilis dili hazırlığı və tədrisi: problemlər, çağırışlar və müasir yanaşmalar” mövzusunda vorkşop keçirilib.

Məqsəd universitetlərdə ingilis dili tədrisinin keyfiyyəti, tətbiq edilən metodların effektivliyi və mövcud problemlərin müzakirəsi olub.

Tədbirdə TAU-nun rektoru v.i.e. Vilayət Vəliyev, TAU-nun proqram rəhbərləri və akademik heyəti, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dillər Universiteti (ADU), Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndələri iştirak ediblər.

TAU-nun rektoru v.i.e. Vilayət Vəliyev ali təhsil müəssisələrində ingilis dili hazırlığı və tədrisinin əhəmiyyətindən danışıb. O, bu sahədə Orta Doğu Texniki Universitetinin (ODTÜ) beynəlxalq tələblərə cavab verən ingilis dili proqramının TAU-da tədris olunduğunu bildirib. Həmçinin burada tədris aparan ingilis dili müəllimlərinin də tədrisə müasir yanaşmaları xüsusi qeyd olunub.

TAU-nun İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan ODTÜ-nün İngilis dili proqramı barədə geniş təqdimat edib. O, qeyd edib ki, TAU-nun tələbələri ODTÜ-nün dil proqramına əsasən əvvəlcə Hazırlıq (Foundation) qruplarında təməl ingilis dili dərsləri keçirlər, daha sonra səviyyə imtahanlarından keçid balını toplamış tələbələr oxuduqları ixtisaslara qəbul olunmuş sayılırlar, birinci və ikinci kurslarda isə tələbələr akademik ingilis dili dərsləri keçib dil səviyyəsini inkişaf etdirirlər. Mutlu Çalışkan onu da bildirib ki, Azərbaycan tələbələri ilə işləyən zaman onların orta məktəbdə fərqli dil öyrənmə təcrübələri nəzərə alınır. Xüsusi metodlarla tələbələrin biliyi monitorinq edilib qiymətləndirilir.

Daha sonra AzTU-nun Xarici dillər kafedrasının müəllimi dosent Kəmalə Mehdixanlı, UNEC-in Xarici Dillərin Tədrisi Mərkəzinin müdiri baş müəllim Aynur Mirzəyeva və ADU-nun Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri dosent Fatma Qurbanzadə təmsil etdikləri universitetlərdəki ingilis dilinin tədrisi prosesi və problemlər haqqında məlumat veriblər. Çıxış edənlər tədrisin keyfiyyətinin daha da artırılması üçün ODTÜ müəllimlərinin təcrübəsini faydalı hesab ediblər.

Vorkşop sual-cavab sessiyası ilə davam edib.


Tarix: Bu gün, 08:30

Xəbəri paylaş