Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qaxda Səməd Vurğunun 120 illiyinə həsr olunan ədəbi-bədii gecə - “Mən səadət aşiqiyəm”



Aprelin 13-də Qax rayon Heydər Əliyev Mərkəzində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilmiş “Mən səadət aşiqiyəm” adlı ədəbi-bədii gecə keçirilib. Qax rayon Mərkəzi Kitabxana, Uşaq İncəsənət Məktəbi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə icra hakimiyyətinin, müəssisə və təşkilatların nümayəndələri, mədəniyyət, təhsil və səhiyyə işçiləri, ziyalılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən “50 illik ömür – 100 illik sənət” adlı kitab sərgisi ilə tanış olublar.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən bu il fevralın 23-də xüsusi Sərəncam imzalandığını diqqətə çatdırıb. Qeyd olunub ki, Sərəncamın icrası ilə bağlı Qax rayonunun mədəniyyət müəssisələrində də silsilə tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Ahidə Əfəndiyeva çıxış edərək Səməd Vurğunun həyat və yaradıcılığından söz açıb, Azərbaycan ədəbiyyatının inkişafındakı əvəzsiz xidmətlərindən danışıb.
Sonra şairin həyat yolu və yaradıcılığından bəhs edən “Vurğun keçdi bu dünyadan” videoçarxı nümayiş olunub.
Qax şəhər 2 nömrəli məktəb-liseyin direktoru Aybəniz Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin üzvləri şair Abdulla Şahmir, Solmaz Elqızı, rayon Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova, rayon ziyalısı Fərhad Hüryanov və başqaları çıxış edərək, Səməd Vurğun yaradıcılığı barədə ətraflı məlumat veriblər.
Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları tərəfindən unudulmaz şairin dillər əzbəri olan şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub, İncəsənət Məktəbinin xanəndəlik sinfinin şagirdləri şairin sözlərinə bəstələnmiş mahnılar oxuyub, qəzəllər ifa ediblər.


Tarix: Bu gün, 19:29

Xəbəri paylaş