Paytaxt məktəbində QR kod əsaslı davamiyyət sistemi
Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı “Elektron davamiyyət” sistemi tətbiq edilməyə başlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, dərsə davamiyyətin rəqəmsallaşdırılması, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi və şagirdlərin təhlükəsizliyinin daha effektiv şəkildə təmini məqsədilə tətbiq edilən yeniliyə əsasən, hər bir şagird üçün xüsusi QR kod yaradılıb. Şagirdlər məktəbə daxil olarkən bu kodlar vasitəsilə avtomatik qeydiyyatdan keçirlər. Bu isə davamiyyətin real vaxt rejimində məktəb və valideynlər tərəfindən izlənilməsinə imkan yaradır.
“Elektron davamiyyət” sistemi vasitəsilə:
· Şagirdlərin məktəbə giriş vaxtı anında qeydə alınır;
· Dərhal valideynlərin vatsap nömrəsinə bildiriş göndərilir;
· Gecikmə və davamiyyət statistikası rəqəmsal baza üzərindən şəffaf şəkildə aparılır.
Pilot layihə olaraq 10 sinifdə tətbiq olunan yeniliyin həftə ərzində bütün sinifləri əhatə etməsi nəzərdə tutulur.
Qeyd edək ki, sistemin tətbiqi təhsil prosesinin daha şəffaf idarə olunmasına və müasir texnologiyaların təhsil mühitinə inteqrasiyasına xidmət edir.
Tarix: Bu gün, 19:24
