Xankəndidə “VətəndəSən” Təhsil Forumu keçirilib

Bu gün Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsində “Karabakh Training Center” və “Word” Karyera və Peşə Mərkəzinin birgə təşkilatçılığı ilə “VətəndəSən” adlı təhsil forumu keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən xəbərə görə, tədbirdə 150-dən çox təhsil işçisi, sahibkar, dövlət və özəl sektor nümayəndəsi iştirak edib.
Forumun rəsmi tərəfdaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olub. Panel müzakirələrində Dövlət Vergi Xidməti və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən vergi güzəştləri, sosial sığorta stimulları və məşğulluq imkanları barədə məlumat veriblər.
Tədbirin açılışında çıxış edən “Karabakh Training Center”in təsisçisi Aytən Məmmədova bildirib ki, əsas məqsəd ölkənin müxtəlif bölgələrindən olan sahibkarları, gəncləri Qarabağın quruculuq prosesinə cəlb etməkdir. A. Məmmədovanın sözlərinə görə, mərkəz qısa müddətdə bir sıra uğurlu layihələrə imza atıb və bu layihələrin də məqsədi Xankəndidə yaşayan tələbə və gənclərin fərdi inkişafına töhfə verməkdir.
Tarix: Bu gün, 22:01
