Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanı xaricdə daha geniş təmsil edəcək 7 kitab hazırlanıb



Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında tarix üzrə fəlsəfə doktoru Musa Mərcanlının rəhbərliyi ilə nəşr olunmuş, ölkəmizin tarixini və mədəni irsini əks etdirən kitabların müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdim olunan nəşrlər arasında yeddi kitab var: “Azərbaycan. Yeni era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır” və “Qarabağ yeni sətirdən” və “Şuşa. Zirvədən uca”. Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitablar yüksək elmi səviyyədə hazırlanıb və ölkənin zəngin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında geniş məlumat ehtiva edir. Bu seriya çərçivəsində daha bir nəşrin də hazırlanması planlaşdırılır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Əməkdar jurnalist Musa Mərcanlının zəngin yaradıcılıq yolundan danışıb və təqdim olunan nəşrlərin elmi əhəmiyyətini vurğulayıb. O, həmçinin qeyd edib ki, elmi və ictimai əhəmiyyəti nəzərə almaqla bu kitablar Bakı Dövlət Universiteti tərəfindən 2026-cı il Dövlət Mükafatına namizəd kimi irəli sürülüb.
Vurğulanıb ki, bu nəşrlər Azərbaycanın beynəlxalq aləmdə daha geniş təbliğinə töhfə verir. Qeyd olunub ki, müasir dövrdə ölkənin dünyada nüfuzu artmaqda davam edir və bu kimi layihələr bu prosesə əhəmiyyətli töhfə verir.
Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyevin sözlərinə görə, təqdim olunan nəşrlər uzunmüddətli elmi fəaliyyət və peşəkar komanda işinin nəticəsidir. O bildirib ki, universitetdə bu sahədə mühüm layihələr həyata keçirən Mədəni İrs Tədqiqat Mərkəzi fəaliyyət göstərir.
Bu nəşrlərin əsas məqsədi barədə danışan layihə rəhbəri Musa Mərcanlı kitabların uzun illər ərzində Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran “İRS-Naslediye” jurnalı əsasında hazırlandığını qeyd edib. Onun fikrincə, beynəlxalq auditoriyanın buna böyük ehtiyacı var və buna görə də nəşrlərin müxtəlif dillərdə çap edilməsi xüsusilə vacibdir.
Qeyd edilib ki, tarixi Qələbə ideyasına əsaslanan kitablar Qarabağ reallıqlarını, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan hazırkı mərhələni, eləcə də Azərbaycanın siyasi, mədəni və ideoloji proseslərini və ölkənin zəngin tarixi irsini əks etdirir.




Tarix: Bu gün, 21:28

Xəbəri paylaş