Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanlı rektorlar Parisdə Avropa universitetləri ilə seminarda: Yaxın gələcəkdə ikili diplom müqaviləsi imzalanacaq

 

Fransada “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji effektivliyi, eləcə də ekologiyası üzrə açıq və distant təhsil formatında peşəkar bakalavr hazırlığı” ERASMUS+LMPB layihəsi üzrə seminar keçirilib.
Fransanın paytaxtı Parisin CNAM Universitetində keçirilən seminarda ERASMUS+ layihəsinin regional koordinatoru olan Azərbaycan Texniki Universiteti (AzTU) ilə yanaşı Sumqayıt Dövlət Universitetinin, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorları da iştirak ediblər.
Toplantının birinci günü CNAM Universitetinin prorektoru layihə üzrə həyata keçirilən və həyata keçiriləcək tədbirlər haqqında informasiya verərək iştirakçıları proqram haqqında bir daha məlumatlandırıb.
Daha sonra hər universitet öz təhsil platforması və enerji səmərəliliyi ixtisasları üzrə Avropa tipli Akkreditasiya dosyesi barəsində hesabat verib.
Hesabatlar dinlənildikdən sonra Layihədə Keyfiyyətin Təmini və İdarə Olunması üzrə avropalı ekspert çıxış edib. Bolqarıstandan olan ekspert keçirilən tədbirlər və alınmış nəticələr barəsində xüsusi metodologiya üzrə aparılmış təhlilin nəticələrini elan edərək bildirib ki, Azərbaycandan olan tərəfdaş universitetlər bütün göstəricilər üzrə birinci yerdə qərarlaşıb. Rusiya Federasiyası və Çin universitetləri isə ikinci və üçüncü yerləri bölüşüblər.
Seminarın ikinci günü Avropadan olan ekspert universitetlərlə tərəfdaş ölkə universitetlərinin ikitərəfli görüşləri təşkil olunub. Bu tədbir çərçivəsində Azərbaycandan olan tərəfdaş universitetlər CNAM Universiteti, Leypsik Texniki Universiteti, Sevilya Universiteti, Turina Universiteti və Pavia Universiteti ilə təkbətək görüşlər keçirərək ikili diplom şərtlərini müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq qərara alınıb ki, yaxın gələcəkdə universitetlər arasında ikili diplom müqavilələri imzalansın.
Qeyd edək ki, seminarda Azərbaycan, Rusiya və Çindən olmaqla ümumilikdə 10 universitet, həmçinin Avropanın layihədə referent, resurs və ekspert qismində iştirak edən 7 universiteti təmsil olunub.
Xatırladaq ki, layihənin rəhbəri və Azərbaycandan olan tərəfdaş universitetlərin referenti Fransanın CNAM Universitetidir. Layihənin baş koordinatoru isə Fransanın Grenobl Akademiyasıdır.

   


Tarix: 22-12-2017, 11:14

Xəbəri paylaş