Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb




“BDU könüllüləri” təşkilatının “Ustaddan öyrən” layihəsi çərçivəsində Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair, professor, “91-lər”in üzvü Zahid Xəlil Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin şagirdləri ilə görüşüb.Görüş “Libra kitab” nəşriyyat evinin təşkilati dəstəyi ilə keçirilib.BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “Ustaddan öyrən” layihəsi çərçivəsində keçirilən görüşlərdən söz açıb. Bildirib ki, layihə gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda inkişafını təmin etmək məqsədilə keçirilir: “Bugünkü qonağımız Zahid Xəlil Azərbaycan uşaq ədəbiyyatının tanınmış simasıdır. O, yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edib. Alimin “Azərbaycan uşaq poeziyası və folklor”u və “Azərbaycan uşaq ədəbiyyatının mənşəyi, təşəkkülünün əsas amilləri və inkişaf problemləri” mövzusunda yazdığı namizədlik və doktorluq dissertasiyaları da bu sahənin geniş tədqiqinə həsr olunub. Düşünürəm ki, bu görüş şagirdlər üçün çox faydalı olacaq”.“Gənc istedadlar” liseyinin direktoru Fuad Babayev görüşdə iştirak etdiyinə görə Zahid Xəlilə təşəkkürünü bildirib: “Zahid Xəlil uşaq psixologiyasını dərindən bilən yazıçılarımızdandır. Bu baxımdan onun yaradıcılığı uşaqlar tərəfindən çox sevilir”.Görüşün moderatoru, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan görkəmli alimin, şairin həyat yolu, yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, onun şeirlərinin əksəriyyəti uşaqları əməyə məhəbbət, həyatın mənasını başa düşmək, Vətəni sevmək, doğru danışmaq kimi gözəl hisslər ruhunda tərbiyə etməyə xidmət edir. Uşaqların sevə-sevə oxuduğu “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları” kimi şeir və nağıllar Zahid Xəlil yaradıcılığının bəhrəsidir.Daha sonra söz professor Zahid Xəlilə verilib. Dəvət üçün təşəkkürünü bildirən şair ədəbiyyata olan marağının uşaqlıq illərindən formalaşdığını qeyd edib. O, şagirdlərə öz tövsiyələrini verib, sevilən şeirlərindən parçalar səsləndirib: “Məktəb illərində mütaliə ilə məşğul olmaq gələcəyiniz üçün bir mayaq rolunu oynayır. Onun üçün həmişə oxumağa, özünüzü inkişaf etdirməyə çalışın”.Görüşün davamında liseyin şagirdləri Zahid Xəlilin şeirləri səsləndirib, onun yaradıcılığı ilə bağlı suallar ünvanlayıblar. Liseyin şagirdi Nuray Həmidova hazırladığı hədiyyəni yazıçıya təqdim edib.“Libra kitab” nəşriyyat evininin ictimai əlaqələr üzrə məsul şəxsi Günel Kamal tərəfindən liseyin şagirdlərinə hədiyyələr təqdim olunub. Sonda görkəmli şair liseyin şagirdlərinə imzalı kitablarını hədiyyə edib.
Tarix: Bu gün, 13:25
Xəbəri paylaş
