Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Norveçdə məktəblilərin oxuma bacarığının aşağı olması tənqid edilib



Böyük Britaniyanın “Sunday Times” qəzetinin jurnalisti Bekki Barrou Norveçə səfəri zamanı bu ölkədə məktəblilər arasında oxu bacarığını kəskin tənqid edib. O, vəziyyəti “fəlakətli” adlandırıb və valideynlərə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, buna səbəb PIRLS – oxuyub-anlama keyfiyyəti üzrə beynəlxalq tədqiqatın məlumatları olub.
Həmin məlumatlara görə, Norveç yeniyetmələri oxuma bacarığı səviyyəsinə görə britaniyalı həmyaşıdlarından geri qalır. B.Barrou məktəblərin genişmiqyaslı rəqəmsallaşdırılmasına təəccübünü ifadə edib. Onun sözlərinə görə, bir çox hallarda planşetlər ənənəvi kitabları sıxışdırıb. O, oxuma bacarığı üzrə göstəricilərin pisləşməsini ötən onillikdə başlanmış “iPad” planşetlərinin aktiv istifadəsi ilə əlaqələndirib.
Ekspertlər bunun birbaşa səbəbinin məhz rəqəmsallaşma olduğunu hələ sübut olunmuş hesab etmirlər. Bununla belə, mütaliəyə az vaxt ayrılmasının savadlılıq səviyyəsinə təsir göstərdiyi qeyd olunur.
Norveç hakimiyyəti problemi qəbul edir və artıq tədbirlər görür. Belə ki, çap dərslikləri və məktəb kitabxanalarının maliyyələşdirilməsi artırılır, həmçinin aşağı sinif şagirdləri üçün ekran qarşısında keçirdilən vaxtın azaldılmasına çalışılır. Məqsəd oxu səviyyəsini artırmaq və uşaqların kitablara marağını bərpa etməkdir.
Bu faktla bağlı beynəlxalq məlumatlar da nəzərəçarpan fərqi göstərir. PIRLS-in 2021-ci il məlumatlarına əsasən, oxumağı sevməyən uşaqların payı Norveçdə 41 faiz, İsveçdə 35 faiz, Danimarkada 36 faiz təşkil edir.
Azərbaycanda isə bu göstərici cəmi 5 faizdir və bu, uşaqlar arasında mütaliəyə marağın daha yüksək olduğunu göstərir.


Tarix: Bu gün, 17:30

Xəbəri paylaş