Aprelin 2-si Ümumdünya Autizm haqqında Məlumatlandırma Günüdür

2008-ci ildən başlayaraq hər il aprelin 2-si Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur.
AZƏRTAC xatırladır ki, bu barədə BMT Baş Assambleyası 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. Həmin günün qeyd olunması xəstəlikdən əziyyət çəkənlərə kömək etmək və onların həyat səviyyəsini yüksəltmək məqsədi daşıyır.
Əsəb sisteminin inkişafının pozulması nəticəsində yaranan autizmə 3 yaşadək uşaqlarda rast gəlinir. Xəstəliyə üç əlamət - qarşılıqlı sosial əlaqələrin çatışmazlığı, kommunikasiya və maraq məhdudluğu və təkrarlanan davranış pozuntusu əsasında diaqnoz qoyulur: Autizm məhdud davranışlara aparıb çıxaran, beynin inkişafına təsir edən xəstəlikdir. Dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur.
Aparılan tədqiqatlara əsasən, dünya əhalisinin təxminən 1 faizi autizmdən əziyyət çəkir. Dünyada hər 127 nəfərdən birində autizm spektr pozuntusu aşkarlanır və bu rəqəm təxminən 61 milyon nəfər deməkdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, hər il dünyada uşaqlar arasında orta hesabla hər 100 uşaqdan biri autizmlə üzləşir.
Onu da qeyd etmək lazımdır ki, həmin rəqəmlər orta göstəricidir və ölkələr arasında ciddi fərqlər var. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə real göstəricilər tam məlum deyil. Son illərdə artım müşahidə olunsa da, onu bəzən diaqnostika imkanlarının genişlənməsi, autizimlə bağlı maarifləndirmənin artması ilə əlaqələndirirlər. Ölkəmizdə autizmlə bağlı rəsmi statistik göstərici məlum olmasa da, son illərdə Azərbaycanda diaqnozların sayında artım müşahidə olunur.
Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger sindromunu, atipik və uşaq autizmlərini misal çəkmək olar. Onun yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil. Əvvəllər bu xəstəlik valideyn tərəfindən diqqətsizlik və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirilirdi. Lakin aparılan araşdırmalar bunu təkzib edir. Nəsildə autizmdən əziyyət çəkənlər olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır. Xəstəliyin dərəcəsindən asılı olaraq həmin xəstələrin çoxu tam məhsuldar həyat sürmək qabiliyyətinə malikdirlər.
Tarix: Dünən, 12:00
