Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ötən il Qarabağda 30 elmi-tədqiqat işi yerinə yetirilib


İşğaldan azad edilmiş ərazilərdə aparılan elmi tədqiqatlar Qarabağın tarixinin, mədəni irsinin və demoqrafik reallıqlarının bərpasında mühüm mərhələyə daxil olub. Böyük Qayıdış prosesi çərçivəsində təkcə infrastruktur və sosial layihələr deyil, eyni zamanda, elmi əsaslı araşdırmalar həyata keçirilir. Tarix, arxeologiya və antropologiya sahələrində aparılan tədqiqatlar Qarabağla bağlı həqiqətlərin sənədləşdirilməsinə və beynəlxalq elmi dövriyyəyə çıxarılmasına xidmət edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, İctimai Elmlər Bölməsinin institutları Qarabağ və Böyük Qayıdış mövzusunu prioritet tədqiqat sahəsi kimi müəyyənləşdirib. İşğaldan azad olunmuş ərazilərdə ötən il 30-a yaxın elmi-tədqiqat işi yerinə yetirilib, beynəlxalq ekspedisiyalar təşkil olunub.
Arxeoloq və antropoloqlar Zəngilan, Füzuli, Xocavənd, Xocalı, Ağdam, Qubadlı, Kəlbəcər və Ağdərə ərazilərində çöl tədqiqatları aparıblar. Qarabağın həm maddi-mədəni irsi araşdırılıb, həm də itkin düşmüş şəxslərin axtarışı ilə bağlı antropoloji tədqiqatlar həyata keçirilib.
Son illərdə Qarabağ və Böyük Qayıdış mövzusunda fundamental nəşrlər də işıq üzü görüb. “Qarabağ və Zəngəzurda etnodemoqrafik vəziyyət (XIX-XX əsrin əvvəlləri)”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq prosesi: Böyük Qayıdışın başlanğıcı (2021-2024-cü illər)”, “Heydər Əliyev və Qarabağın inkişaf strategiyası (1960-cı illərin sonu - 1980-ci illərin əvvəlləri), “Qarabağ müharibəsi: geosiyasi və tarixi kontekst”, “Qarabağın arxeoloji abidələrinin monitorinqi (1987-ci ilin çöl gündəliyi əsasında)” kitabları, “Qafqaz Albaniyasının Düzən Qarabağda antik dövr abidələri” və “Qafqaz Albaniyasını xristian dövr arxeoloji və memarlıq irsi” monoqrafiyaları bu qəbildəndir.
Qarabağın Daş və Dəmir dövrlərinə aid maddi mədəniyyət nümunələrinin tədqiqinə yönəlmiş layihələr çərçivəsində kurqanlar sistemi, yaşayış məskənləri və dəfn ənənələri elmi əsaslarla araşdırılır.
Füzuli rayonu və ətraf ərazilərdə yerləşən arxeoloji abidələrdə aparılan tədqiqatlar Qarabağın qədim dövrlərdən etibarən formalaşmış mədəni və sosial strukturunun öyrənilməsinə xidmət edir. Bu araşdırmalar bölgənin tarixi-mədəni irsinin elmi sənədlərlə təsdiqlənməsi baxımından əhəmiyyət daşıyır.
Tədqiqatlar Qafqaz Albaniyası ilə Şərqi Anadolu bölgələri arasında orta əsrlərdə mövcud olmuş dini və mədəni əlaqələrin müqayisəli şəkildə öyrənilməsini də əhatə edir. Paralel olaraq, Ağdam rayonunda yerləşən tarixi-memarlıq komplekslərinin tarixi, arxeoloji və epiqrafik baxımdan araşdırılması istiqamətində elmi işlər həyata keçirilir.
Qeyd olunan layihələr Azərbaycan Elm Fondu və TÜBİTAK kimi elmi qurumların qrant proqramları çərçivəsində icra olunur və Qarabağın tarixi-mədəni irsinin sistemli şəkildə öyrənilməsinə yönəlib.


Tarix: Bu gün, 11:52

Xəbəri paylaş