Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan və ABŞ əlaqələri: Yeni dövr başlanır


 
Bu gün Azərbaycan və ABŞ əlaqələri öz intibah dövrünü yaşayır. Bu məqam  Azərbaycanın qlobal nüfuza malik olduğunu bir daha sübut edir. 
Azərbaycanla ABŞ arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Prezident İlham Əliyevin 2025-ci ilin 8 avqust tarixində ABŞ-a səfəri, Prezident Donald Trampla görüşü, əldə edilən razılaşmalar münasibətlərdə yeni dövrün başlanğıcını qoydu. Artıq rəsmi olaraq Bakı və Vaşinqtonun ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında əməkdaşlığı keyfiyyətcə yeni bir mərhələyə yüksəltdi. 

Hazırda Azərbaycan-ABŞ əməkdaşlığı məhz qarşılıqlı etimada və hər iki tərəfin strateji maraqlarına söykənən möhkəm tərəfdaşlıq üzərində inkişaf edir. Qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığı davamlı sülhün təmin edilməsinə töhfə vermək, regional sabitliyi möhkəmləndirmək, həmçinin qlobal çağırışlara birgə cavab vermək baxımından böyük önəm daşıyır. 
Xartiya ikitərəfli münasibətlərin əsası kimi suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hörmət prinsiplərini təsdiqləyir. Təhlükəsizlik, enerji, iqtisadiyyat, tranzit, texnologiya və rəqəmsal infrastruktur sahələrini əhatə edir. 

ABŞ-nin ikinci şəxsinin Azərbaycana səfəri, Bakıda səsləndirdiyi bəyanatlar Vaşinqtonun ölkəmizə verdiyi önəmi açıq şəkildə nümayiş etdirir. Vens bildirdi ki, strateji tərəfdaşlıq sənədinin imzalanması tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək. 

Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Vens daha sonra söylədi ki, əvvəllər yalnız mübarizə və münaqişə olan yerdə indi əmin-amanlıq yaranacaq: ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha böyük sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın əlavə bazarlara çıxış imkanı yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasın, ticarət aparsın.
         Məlum məsələdir ki, hal-hazırkı mövcud vəziyyətin yaranması birdən-birə başa gəlməyib. Hadisələrin bu cür inkişafı və bu səviyyəyə gəlib çıxması, şübhəsiz ki, heçdən yaranmayıb. Nə baş verdi, hansı dəyişikliklər oldu ki, bu gün ABŞ, eləcə də digər beynəlxalq qurumlar (hələ bəzi üzdəniraq qurumlar qalıb) Azərbaycanı qəbul etməyə başladılar. Mahiyyəti başa düşmək üçün bir neçə il əvvələ qayıdaq.  
         Bəli, möhtəşəm Qarabağ Zəfərimiz, eləcə də beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyümüzü təmin etməyimiz, ölkədə yaranan siyasi sabitlik və iqtisadi inkişafın mövcudluğu dünya çapında öz xüsusi yeri olan dövlətlərin, müxtəlif beynəlxalq təşkilatların, ittifaq və birliklərin Azərbaycana maraq və diqqətini nəzərəçarpacaq dərəcədə artırdı. Bu da təsadüfi deyildi. Çünki Azərbaycan təkcə Cənubi Qafqazda deyil, ümumən dünya siyasi sistemində yeni reallıq yaradıb. 

Azərbaycanın müstəqil bir dövlət olaraq öz milli mənafeyini qoruması, dünya dövlətləri ilə bərabər səviyyəli münasibətlərin, əlaqələrin yaradılması, daxili siyasətdə mövcud olan sabitlik, xalqımızın birliyi və dövlətimizə olan dəstəyi qazanılan uğurların əsasını təşkil edir. Daxili sabitlik, milli həmrəylik olmadığı təqdirdə xarici siyasət meydanında da uğur əldə etmək mümkün deyil. Bu mənada Azərbaycanda mövcud olan sabitlik, xalq-iqtidar birliyi, qarşıya qoyulan məqsədlərə çatmaq üçün göstərilən birgə fəaliyyət imkan verir ki, dövlətimiz beynəlxalq aləmdə də milli maraqlarımızı müdafiə edə bilsin, hər hansı hücum və təhdidlər qarşısında geri çəkilməsin.
2026-cı ilin ilk günlərindən ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm hadisələr baş verməkdədir. Bu il həqiqətən dövlətimiz və xalqımız üçün uğurlu başlayıb. Bu uğurların qazanılması ölkə Prezidenti, Qələbə və Zəfərlərimizin memarı İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasətinin nəticəsidir. 

Bildiyiniz kimi, bu ilin fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən elan edilən 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"na sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb. Qafqazda otuz ildən artıq davam edən münaqişəyə və humanitar əzablara son qoyduğuna və "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına nail olduğuna görə bu ali mükafatla təltif olunub.
 
Vaxtilə torpaqlarımızın işğal olunmasına, günahsız insanların qətlinə, kənd və şəhərlərimizin vəhşicəsinə talan edilməsinə, məscid və mədəni abidələrimizin dağıdılmasına laqeyd qalan, biganə münasibət bəsləyən, daim Ermənistanın tərəfini tutmağa çalışan bir sıra beynəlxalq qüvvələr bu gün Azərbaycanı yüksək səviyyədə hörmət və ehtiramla qəbul edirlər. Azərbaycan öz fəaliyyəti və siyasəti ilə sübut etdi ki, onun məqsədi, amalı yalnız və yalnız əzəli torpaqlarını qaytarmaq və haqq-ədaləti bərpa etməkdir. Azərbaycan Ali Baş Komandanın yüksək sərkərdəlik qabiliyyəti, əzmi və iradəsi, əsgər və zabitlərimizin qəhrəmanlığı və rəşadəti, xalqımızın birliyi və həmrəyliyi ilə beynəlxalq təşkilatların aciz qaldığı bu məsələni ədalət müstəvisində həll etməyi bacardı. 

           Bu gün Azərbaycan regionda sülhün, sabitliyin bərqərar olmasında mühüm rol oynayır. 44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı, eyni zamanda, sülh təşəbbüsləri, sülh istiqamətində addımları, səyləri ilə bölgənin inkişafı, əməkdaşlığın qurulmasının memarı oldu. Bununla da müharibədə qalib dövlət olan Azərbaycan həm də sülhü qazandı. Prezidentin qətiyyətli və prinsipial siyasəti nəticəsində Ermənistanı revanşizmə və regionu yeni qarşıdurmaya sürükləyən cəhdlərin də qarşısı alındı. Nəhayət, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycanın bütün səyləri, təşəbbüsləri mühüm diplomatik nəticə ilə yekunlaşdı, məsələyə nöqtə qoyuldu, regionda sülh bərqərar oldu.

          Birləşmiş Ştatların vitse-prezidenti Vensin səfərindən öncə Prezident İlham Əliyev bu ilin fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P.Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxil idi. Bu şirkətlərin adlarını bir-bir çəkməkdə məqsədim ABŞ şirkətlərinin Azərbaycana olan hədsiz marağını xüsusilə vurğulamaqdır. Məhz həmin qəbul zamanı 31 şirkətdən 60 nəfər nümayəndə ilə görüş keçirildi. 

            Prezident Əliyev bildirdi ki, ABŞ-la münasibətlər "yeni, tamamilə möhtəşəm bir dövrə" daxil olur. Dövlət başçımız vurğuladı ki, Bakı öz enerji potensialından istifadə edərək aparıcı Amerika şirkətlərini süni intellekt və rəqəmsal transformasiya sahələrində tərəfdaş kimi cəlb etməyi, nəticədə Azərbaycanı qlobal süni intellekt və data mərkəzinə çevirməyi hədəfləyir.

           Bu fakt həm də onu göstərir ki, biznes əlaqələri siyasi əlaqələrdən daha sürətlə inkişaf etməyə meyillidir. Lakin mahiyyətcə ABŞ-Azərbaycan münasibətlərində siyasi münasibətlər daha əfzəldir və öz növbəsində iqtisadi əlaqələri nəzərəçarpacaq dərəcədə üstələyir. Bu, Azərbaycan Prezidenti və Azərbaycan hökumətinin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Qeyd edilməlidir ki, ABŞ ilə Azərbaycan arasında hərbi texniki sahədə də əməkdaşlıq öz həllini tapıb. Xartiyada bu barədə məsələ xüsusi vurğulanıb. Tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini artırırlar. Bu isə o deməkdir ki, regionun təhlükəsizlik arxitekturası yenidən qurulur. Bunun səbəbkarı və bu səviyyəyə gətirib-çıxardan amil də məhz Azərbaycan dövlətinin yaratdığı yeni reallıqdır. Azərbaycan bu yolda ABŞ ilə birgə addımlar atır. Söhbət təhlükəsizlik arxitekturasının birlikdə qurulmasından gedir. Azərbaycan terrorizmə qarşı mübarizə aparan ölkədir. Əfqanıstanda göstərdiyimiz fəaliyyət məlumdur. Həmin bu məsələ bir daha vitse-prezident Vens tərəfindən qeyd edildi və ona diqqət çəkildi ki, Azərbaycan ordusu ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazanıb.
            Bir mühüm məsələ də vurğulanmalıdır ki, ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündə razılıq əldə edilən məsələlərdən biri də "Zəngəzur dəhlizi" olub. Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq. Prezident Donald Trump bildirdi ki, yol 99 illiyinə icarəyə veriləcək, amma sonradan daha 99 il uzadılacaq. Həmçinin Donald Tramp ABŞ şirkətlərinin bu bölgəni inkişaf etdirəcəyini və çoxlu pul xərcləyəcəyini bildirdi.
           Ataların bir geniş yayılmış məsəli var: Deyir, sən saydığını say, gör fələk nə sayır. Məsəl söylədiyimiz hadisəyə tam uyğun gəlməsə də müəyyən mənada yaxınlığı var. Zəngəzur dəhlizi-Tramp yolu. Bu ifadələr mahiyyətcə eynidir. Vaşinqtonda əldə edilən bu razılaşmaya qonşu dövlətlərdən - Rusiya, İran və Türkiyədən dərhal siyasi reaksiyalar gəldi. Bu reaksiyalara diqqət edək: Memorandumun imzalandığı gündə Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən Azərbaycan Dövlət Neft Şirkətinə məxsus yanacaq anbarına beş "Şahed" kamikadze dronu ilə zərbə endirdi. Həmçinin Rusiya Xarici İşlər Nazirliyi layihəni tənqid edərək bildirdi ki, "bu layihə Qərbin Rusiya və İranı kənarlaşdırmaq üçün davam edən səylərinin bir hissəsidir". Əlavə olaraq açıqlamada "Azərbaycan və Ermənistanın sülh prosesində regional balansı nəzərə almalı olduğu və öz xarici siyasətlərini bu balansa uyğun formalaşdırmalı" olduğu da qeyd edilib. İranın Ali Rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti layihəni kəskin tənqid atəşinə tutaraq iddia etdi ki, layihənin məqsədi "İranın Qafqazla əlaqəsini kəsmək və İran və Rusiyaya quru blokadası tətbiq etməkdir". Əli Əkbər Vilayəti əlavə edib ki, "bu dəhliz ya heç vaxt açılmayacaq, ya da, Trampın muzdluları üçün qəbiristanlığa çevriləcək”. Türkiyə Xarici İşlər Nazirliyi isə razılaşmanı alqışlayaraq, bunu "regional sülh və sabitliyin təmin edilməsi baxımından son dərəcə mühüm addım" adlandırıb. Necə deyərlər, şərhə ehtiyac yoxdur.

         İkinci Qarabağ müharibəsi bitəndən bəri Azərbaycanla Ermənistan bu nəqliyyat yolu ilə bağlı heç cür ortaq məxrəcə gələ bilmirdi. Xüsusilə, Rusiya 10 noyabr bəyanatına istinad edərək bu dəhlizə iddiasını hər fürsətdə ortaya qoyub. İranın mühafizəkar hakimiyyət qolu "Zəngəzur dəhlizi"ni özünün "qırmızı xətti" sayıb. Azərbaycanın indiyə kimi "Zəngəzur dəhlizi" adlandırdığı, bundan sonra "Tramp marşrutu" adlanacaq bu yol nədir, hardan keçir? Zəngəzur dəhlizi (təklif olunan adı ilə: TRIPP) — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. Tramp yolu, Tramp marşrutu və ya Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRIPP) (ing. Trump Route for International Peace and Prosperity (TRIPP) - ABŞ administrasiyasının təşəbbüsü ilə Zəngəzur dəhlizi çərçivəsində Ermənistan ərazisindən keçməli olan və Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirən yola verilən addır. 

    Qeyd edilməlidir ki, ötən il avqustun 8-də əsası qoyulan və Asiya ilə Avropanı birləşdirəcək mühüm logistika layihəsi kimi nəzərdə tutulan «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu»nun reallaşması Azərbaycanın regional və qlobal mövqelərini daha da gücləndirəcək. Dünyanın ən güclü dövləti layihədə iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülhün təminatçısı rolunu oynayır, hər iki ölkənin müstəqilliyi və təhlükəsizliyi üçün əlavə zəmanət yaradır.

   Bakı və Vaşinqton arasındakı Strateji Tərəfdaşlıq Xartiyasının digər önəmli tərəfləri isə yaxın gələcəkdə ölkəmizdə süni intellekt mərkəzlərinin yaradılması, Azərbaycanın su təminatının möhkəmləndirilməsi, eləcə də digər mühüm iqtisadi layihələri  əhatə etməsidir. Təbii ki, bütün bunlar Azərbaycanın regional və qlobal mövqeyini daha da möhkəmləndirəcək amillərdir.

   Eyni zamanda, burada kibertəhlükəsizlik və mühüm infrastrukturların mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq da nəzərdə tutulur. Belə ki, ABŞ Azərbaycanın mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək istəyindədir. Xartiyaya görə, Azərbaycan və ABŞ Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək iddiasındarlar. 
Azərbaycan Prezidenti İlham Əliyev Tərəfdaşlıq Xartiyasının imzalanması zamanı bu barədə dedi: «Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına çox minnətdarıq. Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir». Həmçinin vurğuladı ki, 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Xartiyada  göstərilib ki, tərəflər Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu»nun (TRIPP) əhəmiyyətini  yüksək dəyərləndirirlər.

Prezident İlham Əliyev sözügedən sənədin imzalanması mərasimindən sonra ABŞ-ın Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatında bildirdi ki, bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur: «İmzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir». 

   Ölkəmizin başçısı bəyanatında  Zəngəzur (TRIPP) dəhlizinin səmərəliliyi barədə danışdı. Bildirdi ki, bu marşrut nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. Dəhliz Azərbaycan və Ermənistan əraziləri vasitəsi ilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edərək iqtisadi dividendlər əldə edəcəklər. Artıq bir neçə aydır ki, dövlətimiz öz ərazisindən Ermənistana yüklərin daşınmasına olan məhdudiyyəti aradan qaldırıb.  Həmçinin Ermənistana neft məhsullarının ixracına başlanılıb. Bu da, əslində, ticarətin və əməkdaşlığın başlanğıcı deməkdir. Bu barədə danışan Prezident İlham Əliyev daha sonra dedi: «Ən vacib nəticələrdən biri və Tramp-Vens administrasiyasının bizim regionda göstərdiyi səylərdən biri TRIPP layihəsidir, Tramp marşrutu layihəsidir».

  Öz növbəsində ABŞ-ın Vitse-prezidenti Vens söylədi ki, Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır. Bu gün biz dostluğuna görə Azərbaycana təşəkkür etmək üçün buradayıq. Vens əlavə etdi ki, «Prezident Donald Tramp və Prezident İlham Əliyevin sayəsində əlaqələrimiz çox inkişaf edəcək.»

2026-cı ilin tarixi hadisələrindən fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilən Sülh Şurasının ilk iclasını qeyd etmək olar. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu iclasda iştirak edib. Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri və səfər çərçivəsində Sülh Şurasının ilk iclasında iştirakı müasir diplomatiya tariximizin növbəti nailiyyətlərindən biri kimi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, qlobal proseslərdə fəal mövqeyinin daha bir təsdiqi oldu. Bu səfər Azərbaycanın sülh təşəbbüslərində iştirakını genişləndirməklə yanaşı, bütün dünyada diplomatik nüfuzunun daha da gücləndiyini göstərdi.

  Yadınızdadırsa bu ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumu platformasında Sülh Şurasının yaradılması ilə bağlı dövlətlərə açıq müraciət edildi. Azərbaycan Respublikası bu təşəbbüsə isti yanaşdı və yaradıcı (founding) üzv statusu ilə qoşuldu. Azərbaycanın Sülh Şurası kimi mötəbər bir təşkilatda bu statusda təmsil olunması ölkəmizin beynəlxalq siyasətdə artan çəkisinin, qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunmasının və təşəbbüskar dövlət kimi rolunun göstəricisidir. Azərbaycanın bu proseslərdə fəal iştirakı həm də beynəlxalq təhlükəsizlik məsələlərinə töhfə vermək niyyətlərini bir daha göstərir. Qlobal sülh gündəliyində Azərbaycanın artan rolu və nüfuzu aydın görünməkdədir.
         
Yazının əvvəlində qeyd etdik ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, ümumən dünya siyasi sistemində yeni reallıq yaradıb. Bu yeni reallığın müəllifi Prezident İlham Əliyevdir. Müasir dövrdə əsl Lider öz ölkəsi ilə yanaşı dünyanı da dəyişməyi bacaran İnsandır. Azərbaycanın siması məhz Cənab İlham Əliyevin prezidentliyi dövründə yeniləndi. Bu gün dünya Azərbaycanı Qalib bir dövlət kimi qəbul edir. İstəsələr də, istəməsələr də, reallıq budur! 

Burada xüsusi bir məqamı vurğulamağa ehtiyac vardır. Prezident İlham Əliyevin müstəqil olaraq, heç bir dövlətdən asılı olmadan son 23 il ərzində həyata keçirdiyi daxili və xarici siyasət, bütün sahələri əhatə edən fəaliyyəti bir daha təsdiq edir ki, Azərbaycan dünya miqyasında böyük dövlət olmasa da, onun sözünün mənası və çəkisi təsirlidir. Bu, bir həqiqətdir ki, Azərbaycan dövlətinin sözünün məna və çəkisinin dünya miqyasında təsirliyini şərtləndirən həlledici amil onun Liderinin - Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq arenada yüksək nüfuza malik olması ilə bağlıdır.

Dahi Nizami hələ XII əsrdə deyib ki:
Ariflər olarsa ölkəyə rəhbər
Tikan xurma olar, çaxmaqdaşı zər.

Son hadisələr deməyə əsas verir ki, “Sözümüz imzamızdır” deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi qarşıda hələ böyük qələbələr, möhtəşəm uğurlar gözləyir. Əminik ki, yaxın illər ərzində biz daha yüksək nailiyyətlərə şahidlik edəcəyik. 
 
 

 Astara Pedaqoji Kolleci PHŞ-nin direktoru, 
  fil.e.d Kamran Kazımov


Tarix: Bu gün, 17:11

Xəbəri paylaş