Firudin Qurbanov: Süni intellekt strategiyası elm və təhsil sistemində yeni mərhələ açır

Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə struktur islahatları həyata keçirilib və 2022-ci ildə 31 elmi müəssisə, habelə 4 elmi istehsalat qurumu nazirliyin tabeliyinə verilib.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağında elm və təhsil nazirinin müavini Firudin Qurbanov söyləyib. O qeyd edib ki, optimallaşma nəticəsində hazırda 15 elmi müəssisə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Əsas məqsəd təhsil, elm və istehsalat arasında inteqrasiyanın təmin olunmasıdır.
Nazir müavini bildirib ki, bu yanaşmaya uyğun olaraq 2024-cü ildən etibarən islahatların yeni mərhələsinə başlanılıb. İslahatlar çərçivəsində elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, elmi nəticələrin ali təhsil sisteminə inteqrasiyası və bir sıra institutların ali məktəblərin tərkibinə verilməsi həyata keçirilib.
Vurğulanıb ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” da qarşıda mühüm vəzifələr müəyyənləşdirir. Bu istiqamətdə yeni layihələr üzərində iş aparılır, təhsil sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, ölkədə respublika və beynəlxalq səviyyəli fənn olimpiadaları keçirilir, yüksək nəticə göstərən şagirdlərin müsabiqəsiz ali təhsil müəssisələrinə qəbulu onların elmə marağının artırılmasına xidmət edir.
Firudin Qurbanov əlavə edib ki, təhsil, tədqiqat və innovasiyalar arasında əlaqələrin bundan sonra da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir və bu istiqamətdə sistemli tədbirlər davam etdiriləcək.
Tarix: Bu gün, 14:04
